Aİ Alibaba-nı 550 milyon avro cərimələdi | Banco.az

Aİ Alibaba-nı 550 milyon avro cərimələdi

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa İttifaqı  "Alibaba" şirkətinə məxsus "AliExpress" platformasını qanunsuz və təhlükəli məhsulların satışına qarşı yetərli tədbirlər görmədiyinə görə 550 milyon avro (təxminən 629 milyon dollar) məbləğində cərimələyib.

Banco.az xəbər verir ki, Avropa Komissiyasının açıqlamasına görə, "AliExpress" platformasında satılan təhlükəli və saxta məhsullarla bağlı riskləri lazımi səviyyədə qiymətləndirməyib, həmçinin qaydaları davamlı şəkildə pozan satıcılara qarşı kifayət qədər tədbir görməyib.

Komissiya şirkəti 2024-cü ildən etibarən Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində araşdırırdı və ötən il istintaqın əhatə dairəsini genişləndirmişdi.

Avropa Komissiyasının texnologiya üzrə icraçı vitse-prezidenti Henna Virkkunen bildirib ki, "AliExpress" Aİ-nin təhlükəsizlik və ətraf mühit standartlarına uyğun olmayan məhsulların satışına imkan verib. Onun sözlərinə görə, bu, həm istehlakçılar üçün risk yaradır, həm də qaydalara əməl edən şirkətlər üçün ədalətsiz rəqabətə səbəb olur.

"AliExpress" isə qərarı qeyri-mütənasib adlandıraraq cəriməni nəzərdən keçirdiyini və mümkün hüquqi addımları qiymətləndirdiyini açıqlayıb.

Şirkət çatışmazlıqları aradan qaldırmaq üçün 20 oktyabr tarixinədək fəaliyyət planı təqdim etməlidir. Bundan sonra Avropa tənzimləyicilərinin yekun qərar vermək və planın icrası üçün vaxt cədvəli müəyyən etmək məqsədilə iki ay vaxtı olacaq.

Bu cərimə DSA çərçivəsində AliExpress-ə tətbiq olunan ən böyük maliyyə sanksiyası hesab olunur. Bundan əvvəl qanun əsasında "X" platforması 120 milyon avro, "Temu" isə 200 milyon avro məbləğində cərimələnmişdi.