Aİ ABŞ-ın rüsumlarına qarşı “güclü” cavab verməyə hazırdır | Banco.az

Aİ ABŞ-ın rüsumlarına qarşı “güclü” cavab verməyə hazırdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen ABŞ-ın tariflərinə sərt cavab verməyə hazır olduqlarını bildirib.

Banco.az xəbər verir ki, Ursula fon der Leyen Strasburqda keçirilən Avropa Parlamenti (AP) Baş Assambleya iclasında ABŞ ilə ticarət əlaqələri və yeni tariflər mövzusunda çıxış edib.

Gömrük rüsumları ilə bağlı mübahisəni Avropanın başlamadığını vurğulayan fon der Leyen, “Tariflərin yanlış olduğunu düşünürük. Bugün sizə mesajım budur ki, xalqımızı və rifahımızı qorumaq üçün lazım olan hər şeyə sahibik,” – deyə bildirib.

O, Aİ-nin dünyanın ən böyük vahid bazarına sahib olduğunu, tariflərlə bağlı müzakirə aparmaq və onlara qarşı müqavimət göstərmək gücünə malik olduğunu qeyd edərək, “Maraqlarımızı və dəyərlərimizi hər zaman müdafiə edəcəyik,” – ifadələrini işlədib.

Fon der Leyen ABŞ hökumətinin indiyədək polad, alüminium, avtomobil və avtomobil hissələrinin idxalına 25%-lik gömrük rüsumu tətbiq etdiyini xatırladaraq, növbəti mərhələdə yarımkeçiricilər, dərman preparatları və taxta məhsullarının da bu tariflərə məruz qala biləcəyini bildirib.

O, ABŞ-nin sabah demək olar ki, bütün mallara və dünyanın bir çox ölkəsinə tətbiq ediləcək “qarşılıqlı tariflər” elan edəcəyini vurğulayaraq, qlobal ticarət sistemində çoxsaylı problemlər və disbalanslar olduğunu, lakin bunlarla birlikdə mübarizə aparmaq lazım gəldiyini qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram