Müəllif - Fərid İslamov, Banco.az
Puma-nın keçmiş rəhbəri Byorn Gulden Adidas-ın yeni baş direktoru olacaq.
Puma idman geyim markasının keçmiş rəhbəri Byorn Gulden Almaniyanın Adidas şirkətinin yeni baş direktoru olacaq. Şirkəti böhrandan xilas etmək ona həvalə olunacaq.
Banco.az xəbər verir ki, dünyanın ən böyük idman geyim istehsalçılarından biri olan Adidas bir neçə qitədə böhranla üzləşib və böyük miqdarda ayaqqabı sata bilmir. Agentlik bildirir ki, şirkət üçün ən ağır zərbə onun bir sıra təhqiramiz və antisemit bəyanatlarından sonra amerikalı reper Kanye Uestlə əməkdaşlığın bu yaxınlarda sona çatması olub. Eyni zamanda, sənətçi ilə Adidas arasında əməkdaşlıq nəticəsində yaradılan Yeezy brendi şirkətin son illər qazancının yarıdan çoxunu təşkil edib.
Bundan əlavə, Adidas bir vaxtlar şirkətin ən sürətlə böyüyən bazarı olan Çində öz yerini bərpa edə bilmir. 2022-ci ilin birinci yarısında satışlar, Çinli istehlakçıların marağının azalması və yerli məşhurların məhsulların tanıtımına cəlb edilməsində problemlər səbəbindən ən azı üçdə bir azalıb.