Beynəlxalq kreditorlar Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiyasına razılıq verdikdən sonra ölkənin bank sektoru stabilləşib.
"APA-Economics" xəbər verir ki, bunu "Reuters" agentliyinə müsahibəsində Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Manapbekov bildirib.
ADB rəsmisinin fikrincə, buna baxmayaraq, bank sektorunun iştirakçıları kreditləşməni ciddi şəkildə artırmalıdır. "Görünür, problemli kreditlərin həcmi dib nöqtəyə çatıb və yaxşı kapitallaşmış bəzi banklar kredit portfellərini yenidən qurur", - deyə o qeyd edib.
Bundan öncə ABB bəyan edib ki, xarici öhdəliklərinin (3,3 mlrd. dollar) könüllü restrukturizasiyası planına uyğun olaraq 1 sentyabr 2017-ci il tarixində bankın kreditorlarına yeni maliyyə alətləri təqdim edilib və bununla da müəyyən öhdəliklərin dövlətə ötürülməsi uğurla başa çatıb.
18 iyul 2017-ci il tarixində ABB-nin kreditorlarının yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93,9%-ə malik kreditorlar planın lehinə səs verib. "Banklar haqqında" qanuna uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyindən sonra Bakı şəhər, Nəsimi Rayon Məhkəməsi 17 avqust 2017-ci il tarixində planın təsdiqlənməsinə dair qərar çıxarıb.