Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ ştatları H-1B viza rüsumları ilə bağlı Trampı məhkəməyə verir.
Banco.az xəbər verir ki, ABŞ-ın bəzi ştatları Tramp administrasiyasının H-1B vizaları üzrə ediləcək hər yeni müraciət üçün 100 min dollar rüsum tətbiq etməsinin qarşısını almaq məqsədilə məhkəməyə müraciət edəcəklərini açıqlayıblar. H-1B vizası ABŞ-dakı işəgötürənlərə ixtisaslı xarici işçiləri işə götürməyə imkan verir.
Açılması gözlənilən iddiada bildirilir ki, bu rüsum işəgötürənlər üçün həm çox bahalı, həm də qanunsuz bir maneə yaradır, eyni zamanda administrasiya bu siyasəti həyata keçirərkən müvafiq normativ qaydaların qəbul edilməsi prosesinə əməl etməyib. Məhkəmə işi Kaliforniya Baş prokuroru Rob Bonta və Massaçusets Baş prokuroru Andrea Coy Kempbel tərəfindən aparılır.
Bonta açıqlamasında deyib:
“Dünyanın dördüncü ən böyük iqtisadiyyatına malik Kaliforniya, dünyanın hər yerindən gələn ixtisaslı kadrların işçi qüvvəmizə qoşulduqda ştatımızı irəli apardığını yaxşı bilir. Tramp administrasiyası bir anlıq qərarla xərcləri artıra biləcəyini düşünür, lakin qanun bunun əksini deyir.”
Bu iddia Trampın sentyabr ayında elan etdiyi rüsum artımına qarşı açılan ən azı üçüncü məhkəmə işi olacaq və ABŞ ştatları tərəfindən açılan ilk iddia kimi qeydə alınacaq. Daha əvvəl ABŞ Ticarət Palatası, qlobal miqyasda tibb bacısı işə götürən bir şirkət və bəzi həmkarlar ittifaqları da oxşar iddialarla məhkəməyə müraciət etmişdilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
