Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın regional bankları dəyər itkisi ilə üz-üzədir.
Banco.az xəbər verir ki, ABŞ-da 2 ay ərzində 3 bankın müflis olmasından sonra maliyyə çətinliyi yaşayan regional bank “PacWest”in də satış daxil olmaqla bir çox strateji variantları dəyərləndirməsi bazarlarda bank sektoru ilə bağlı narahatlıqları yenidən artırıb.
“PacWest”in satışla bağlı açıqlamasından sonra bankın səhmləri 50 faizə qədər dəyər itirib. Həmçinin volatilliyin yüksək olması səbəbindən birjada səhmlər üzrə əməliyyatlar bir neçə dəfə dayandırılmalı olub.
Bu proses ölkədəki digər regional bankların səhmlərinə də mənfi təsir göstərib.
Tennessi ştatında fəaliyyət göstərən “First Horizon”un səhmləri də Kanadanın “TD Bank”ının birləşmə müqaviləsinə xitam verdiyini elan etməsindən sonra təxminən 40 faiz ucuzlaşıb.
Bundan əlavə, ABŞ-ın digər regional bankları arasında “Metropolitan Bank” və “Citizens Financial” 10 faiz, “Comerica Bank” 9 faiz, “KeyCorp” 5 faiz, “Valley National Bank” isə 4 faiz dəyər itirib.
Bizi sosial şəbəkələrdən izləyin!!