Müəllif: Tamara Mustafayeva, Banco.az
“Bank of America” və “Citigroup” birinci rüb üzrə maliyyə göstəricilərini açıqlayıblar.
Banco.az xəbər verir ki, ABŞ-ın ən böyük banklarından olan “Bank of America” və “Citigroup”un xalis mənfəəti bu ilin birinci rübündə artıb.
“Bank of America” tərəfindən verilən məlumata görə, bankın xalis mənfəəti bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz artaraq 7,4 milyard dollara yüksəlib. Bank 2024-cü ilin ilk rübündə 6,7 milyard dollar xalis mənfəət əldə etmişdi.
Keçən ilin ilk rübündə 76 sent olan bir səhmə düşən mənfəət də bu ilin ilk rübündə 90 sentə yüksəlib.
“Bank of America”nın gəliri isə ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 27,4 milyard dollara çatıb. Bank 2024-cü ilin eyni dövründə 25,8 milyard dollar gəlir əldə etmişdi.
Citigroup-un mənfəəti 21 faiz artıb
Citigroup tərəfindən verilən məlumata əsasən, bankın xalis mənfəəti bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq 4,1 milyard dollara çatıb. Bank ötən ilin ilk rübündə 3,4 milyard dollar xalis mənfəət əldə etmişdi.
Bankın bir səhmə düşən mənfəəti bu ilin ilk rübündə 1,96 dollar olaraq proqnozları üstələyib. Gözləntilər 1,84 dollar idi.
“Citigroup”un bir səhmə düşən mənfəəti ötən ilin eyni dövründə 1,58 dollar olmuşdu.
Bankın bu ilin birinci rübündəki gəliri isə keçən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 21,6 milyard dollara yüksəlib. “Citigroup” ötən ilin eyni dövründə 21 milyard dollar gəlir əldə etdiyini açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!