ABŞ-da "bayram mövsümü" gözlənilən nəticəni verməyəcək | Banco.az

ABŞ-da "bayram mövsümü" gözlənilən nəticəni verməyəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da pərakəndə satışın pik həddə çatdığı “bayram mövsümü”də bu il əksər istehlakçıların alış-veriş planlarına inflyasiya təsiri gözlənilir.

Banco.az xəbər verir ki, ABŞ-da noyabrın 4-cü cümə axşamı qeyd olunan Şükran Günü ilə başlayan, ardınca bütün ölkədə endirimli alış-verişin tüğyan etdiyi Qara Cümə, kiçik müəssisələrin satışlarını artırmağı hədəfləyən Kiçik Bizneslərin Şənbə günü (Small Business Saturday) və ​​Kiber Bazar ertəsi (Cyber Monday) ilə davam edən, Milad və daha sonra isə dekabrın 31-i Yeni il gecəsi ilə başa çatan “bayram mövsümü”nün hər il olduğu kimi bu il də pərakəndə satış sektoruna canlılıq gətirəcəyi gözlənilir.

ABŞ Milli Pərakəndə Satıcılar Assosiasiyasının (NRF) məlumatlarına görə, bu 2 aylıq dövrdə pərakəndə satışların keçən ilin eyni dövrü ilə müqayisədə 6-8 faiz artaraq 942,6 milyard dollar ilə 960,4 milyard dollar arasında olacağı gözlənilir.

Xatırladaq ki, 2021-ci ilin “bayrammövsümü”ndə isə pərakəndə satışlar 13,5 faiz artaraq 889,3 milyard dollar təşkil etmişdi. Hətta Kovid-19 pandemiyasının geniş yayıldığı 2020-ci ilin eyni dövründə belə pərakəndə satış həcminin 9,3% artması maraq doğurur.

Ölkədə pandemiyanın təsirindən ötən iki il ərzində böyük canlılıq qazanan onlayn alış-veriş sektoru da görünür ki, bu il inflyasiyadan payına düşəni alacaq. Belə ki, sözügedən xərclərin bu il keçən illə müqayisədə 2,5 faiz artaraq 209,7 milyard dollara çatacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram