ABŞ Çinin süni intellekt şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir | Banco.az

ABŞ Çinin süni intellekt şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Maliyyə Naziri Skott Bessent Çin süni intellekt şirkətlərinin qanunsuz fəaliyyətə yol verməsi halında onlara qarşı sanksiyaların tətbiq oluna biləcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Bessent "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, əgər Çin şirkətləri  gizli və sənaye miqyaslı hücumlar həyata keçirər, bununla da intellektual mülkiyyət oğurluğuna yol verərlərsə, həmin şirkətlərə qarşı məhdudiyyətlərin tətbiqi və sanksiya siyahısına salınması nəzərdən keçiriləcək.

Nazirin sözlərinə görə, söhbət bir süni intellekt modelinin digər modelin cavabları əsasında öyrədilməsi prosesindən sui-istifadə edilməsindən gedir. ABŞ administrasiyası hesab edir ki, bu cür fəaliyyət müəllif hüquqları və intellektual mülkiyyət normalarının pozulmasına səbəb ola bilər.

Xatırladaq ki, iyunun sonunda ABŞ-ın vitse-prezidenti Cey Di Vens jurnalist Maykl Noulza verdiyi müsahibədə Çinin məlumat mərkəzləri üçün enerji infrastrukturunu sürətlə genişləndirməsi sayəsində süni intellekt sahəsində ABŞ-ı qabaqladığını etiraf edib.

Vaşinqtonun son açıqlamaları ABŞ ilə Çin arasında texnologiya və süni intellekt sahəsində rəqabətin daha da dərinləşdiyini göstərir.