80 trilyon dollarlıq dünya iqtisadiyyatında lider ölkələr hansılardır? | Banco.az

80 trilyon dollarlıq dünya iqtisadiyyatında lider ölkələr hansılardır?

Dünyanın 80 trilyon dollarlıq ÜDM (ümumi daxili məhsul) göstəricisinin yarısı ən böyük iqtisadiyyatlara sahib dörd ölkənin nəzarətindədir.

Dünya Bankının son hesablamalarına görə, cəmi qlobal ÜDM 2017 – ci ildə 80 trilyon dollara çatıb. Aşağıdakı diaqramda bu 80 trilyon dolların ölkələr üzrə necə bölündüyü göstərilmişdir. Diaqramdakı rəqəmlərə görə, dünyanın ən böyük 10 iqtisadiyyatı cəmi qlobal ÜDM – nin üçdə ikisini təşkil edir.

Təəccüblü deyil ki, ABŞ hələ də dünyanın ən böyük ÜDM göstəricisinə sahib ölkəsidir. 19.4 trilyon dollar ilə ABŞ dünya iqtisadiyyatının 24.4% - ni təşkil edir. Çin 12.2 trilyon dollar ilə onu izləyir. Ancaq Çin iqtisadiyyatının satın alma gücü nəzərə alındığı zaman onun 2016 – cı ildən bəri dünyanın ən böyük iqtisadiyyatı olduğunu xatırlatmaq lazımdır.

Üçüncü və dördüncü sırada 4.9 trilyon dollar ilə Yaponiya və 4.6 trilyon dollar ilə Almaniya qərarlaşıb. Bu ölkələrin iqtisadiyyatı ABŞ və Çin ilə birlikdə dünya iqtisadiyyatının 50% - dən çoxunu təşkil edir. Son illər ərzində siyahının ilk pillələrində əsaslı dəyişiklik olmamışdır.

Ən sərfəli kredit üçün müraciət et

İnkişaf etməkdə olan iqtisadiyyatlar diqqət çəkir

Ancaq digər iqtisadiyyatlara baxıldıqda aradakı fərqlərin aradan qalxdığını və xüsusilə də inkişaf etməkdə olan iqtisadiyyatlarda ciddi bir canlanma müşahidə olunduğunu görmək mümkündür. Məsələn, Hindistan 2.6 trilyon dollarlıq iqtisadiyyatı ilə Fransanı geridə qoyub. Son rübdə Hindistan son iki ildəki ən sürətli artım tempinə çataraq 8.2% inkişaf edib.

Braziliya da iqtisadi problemlərə baxmayaraq bu sıralamada İtaliyanı geridə qoyaraq 8 – ci sıraya yüksəlib. Türkiyə də Hollandiyanı üstələyərək dünyanın ən böyük 17 – ci iqtisadiyyatı olub. Səudiyyə Ərəbistanı da İsveçrədən 19 – cu sıranı alıb.

Həmçinin oxu: Korrupsiya və iqtisadi inkişaf arasında əlaqə varmı?

Tamara Mustafayeva, Banco.az