7 gündən sonra "Yunayted Kredit Bank"ın əmanətçilərinə kompensasiya ödəniləcək | Banco.az

7 gündən sonra "Yunayted Kredit Bank"ın əmanətçilərinə kompensasiya ödəniləcək

Fevralın 9-dan etibarən "Yunayted Kredit Bank" ASC-nin müştərilərinə kompensasiyaların ödənilməsinə başlanacaq.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan Trend-ə verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 saylı qərarı ilə "Yunayted Kredit Bank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.04.1996-cı il tarixli, 240 saylı lisenziya ləğv edilib. Fondu Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 2 fevral 2016-cı il tarixli 16-00029-2016 nömrəli məktuba istinad edərək bildirir ki, “Yunayted Kredit Bank" ASC-nin əməliyyatlarına moratorium tətbiq edilib. Bununla da “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.9-cu maddəsinə müvafiq 2 fevral 2016-cı il tarixi “Yunayted Kredit Bank"da sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

Ən sərfəli kredit üçün müraciət et

“Əmanətlərin sığortalanması haqqında” qanunun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində “Yunayted Kredit Bank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Fond məlumat üçün bildirir ki, “Yunayted Kredit Bank" ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir. 30 min manatdan çox əmanəti olan əmanətçilərin əmanətləri ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.