600 manat müavinətin verilməsinə başlanılır: Necə almaq olar? | Banco.az

600 manat müavinətin verilməsinə başlanılır: Necə almaq olar?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Artıq 600 manatlıq birdəfəlik müavinətin verilməsinə başlanılıb. Bu dəstək Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən biridir. Belə ki, "Əmək Məcəlləsinə" edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə artıq başlanılıb.

Yəni, işğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarımıza aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı 600 manat birdəfəlik müavinət ödənilir. Onlar həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna da malik olacaqlar". 

Banco.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov 600 manat birdəfəlik müavinətin kimlərə şamil olunacağını açıqlayarkən deyib. 

İqtisadçının sözlərinə görə, bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər.

Bəs necə müraciət etməli?

"Prosesə məsul olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər, - iqtisadçı qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

Hansı sənədlər tələb olunur?

"Şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir. Müavinət proaktiv qaydada təyin edilir", - V. Bayramov bildirib. 

Müraciətdən neçə gün sonra vəsait ödənilir? - sualına cavabda isə iqtisadçı vurğulayıb ki, müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və qərar qəbul edilir. Yəni, müraciət edən şəxsin sözügedən müavinəti almaq hüququ varsa ən geci 10 günə vəsait onun hesabına köçürüləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et