3 qlobal markanın inanc dolu quruluş hekayəsi | Banco.az

3 qlobal markanın inanc dolu quruluş hekayəsi

Tamara Mustafayeva, Banco.az

Qlobal sferada uğurlu bir iş qurmaq üçün bir çox amilin birlikdə mövcud olması vacibdir. Yaxşı fikir və yaxşı komanda isə bu amillərin başındadır. Lakin, bir iş qurarkən hər şeydən mühüm olan inancdır. Günümüzdə fəaliyyət göstərən bir çox qlobal şirkət bu inanc amilini əsas götürərək çalışdıqları üçün bu qədər uğurlu və böyük şirkətlərə çevrilə biliblər. “Your Story” adlı internet saytının yayımladığı məqalədə tanınmış üç böyük şirkətin quruluşlarına dair qısa hekayələrə yer verilmişdir.

Fred Smith – Federal Express (FedEx)

Fred Smith 1965–ci ildə Yale Universitetində bakalavr təhlisi alırdı. Tapşırıq olaraq ABŞ–da malların daşınması prosesini araşdıran iqtisadi bir məqalə yazdı. Daşıyıcıların ABŞ daxilində böyük paketlərin daşınması üçün kamaz və ya sərnişin təyyarələrindən istifadə etdiklərini müəyyən etdi. Bundan sonra Smith daha sərfəli bir daşıma vasitəsi fikirləşdi və təyyarələr vasitəsilə kiçik və əsas ləvazimatları daşıyan bir şirkətin daha yaxşı nəticə əldə edə biləcəyinə dair son dəqiqə yazısı yazdı. Lakin, belə bir şirkətin necə idarə olunacağına dair ətraflı məlumatlar bu məqalədə göstərilməmişdi. Tapşırıq olaraq yazdığı bu məqaləyə sadəcə “C” balı verildi.

Tapşırıqdan yüksək bal ala bilməsə də, Smith bu fikrindən dönmədi və 1971-ci ildə şirkəti qurdu. Lakin, şirkətin qurulmasından sonrakı 3 il ərzində “Federal Express” iflasa doğru gedirdi. Şirkət artan yanacaq xərcləri səbəbilə hər ay 1 milyon dollar itirirdi və şirkətin kassasında sadəcə 5 min dollar qalmışdı. Bundan sonra Smith “General Dynamics” dən maliyyə dəstəyi almağa qərar verdi. Ancaq, onun bu təklifi geri çevrildi.

Bir çox insan bu halda hər şeyi buraxar və şirkəti bağlayardı. Lakin, Fred Smith həmin insanlardan deyildi. Daha sonra atdığı addım isə şübhəsiz ki, bir şirkətin qurucusu tərəfindən atılacaq ən riskli addım idi. Smith Las Veqasa uçdu və həmin həftə sonu şirkətin əlində qalan 5 min dollarla “Black Jack” oynadı. Bazar ertəsi şirkətin idarə heyətini üçün xoş bir surpriz gözləyirdi. “Federal Express” in bank hesabında 32 min dollar vardı ki, bu da təyyarələr üçün yanacaq təmin etmək və bir daha neçə gün işləməyə davam etmək üçün kifayət idi.

Bu hadisədən qısa bir müddət sonra şirkət mənfəət artışı yaşadı. Bugün isə “Federal Express” 220-dən çox ölkə və bölgədə fəaliyyət göstərən və illik gəliri 45 milyard dollar olan qlobal bir şirkətdir.

Ferruccio Lamborghini – Lamborghini

Ferruccio Lamborghini əvvəllər traktor istehsal edən bir fermer idi. Işi çox uğurlu idi və İtaliyadakı ən varlı insanlardan biri hesab edilirdi. Onun sahib olduğu bahalı avtomobillər arasında “Ferrari” də vardı və bu avtomobil ona həmişə problem yaradırdı. Bir təmirçi kimi problemi həll etməyə çalışdı və “Ferrari” nin traktorlarından birində istifadə edilənlə eyni mufta sisteminə sahib olduğunu gördü. Ferruccio Lamborghini yaşadığı bu problemlərlə bağlı belə düşünürdü:

“Bütün Ferrarilərimin mufta ilə bağlı problemi var. Normal şəkildə sürdüyünüz zaman hər şey qaydasında idi. Lakin, bir az güc verdiyiniz zaman problem yaranırdı.”

Ferruccio müntəzəm olaraq muftanın yenilənməsi və ya təmir edilməsi üçün servisə gedirdi və hər dəfə avtomobil ondan bir neçə saatlıq alınır, təmir prosesini də izləməsinə icazə verilmirdi.

Ən sərfəli kredit üçün müraciət et

“Ferrari” - nin mufta problemi əsla həll edilmədi. Bu səbəbdən Ferruccio Lamborghini Enzo Ferrari ilə danışmağa qərar verdi. Lakin, Ferruccio onu çox uzun bir müddət gözləməli oldu. Nəhayət ki, onların görüşü baş tutdu. Söhbət əsnasında Ferruccio, “Ferrari, sənin avtomobillərin yarasızdır!” dedi. Bu sözlərə  Enzo Ferrari çox əsəbləşdi və belə cavab verdi: “Lamborghini, bir traktoru sürə bilərsən, amma bir Ferrarini əsla doğru şəkildə idarə edə bilməyəcəksən”. Ferruccio Lamborghininin mükəmməl bir avtomobil istehsal etməyə qərar verdiyi an elə məhz bu an idi. Nəticədə Enzo Ferrarinin ona qarşı bu münasibəti dünyanın ən yaxşı idman avtomobil markalarından birinin yaranmasına və “Ferrari” nin özünə rəqib qazanmasına səbəb oldu.

Soiçiro Honda – Honda Motor Company

Soiçiro Honda təmir sexində işləyən bir mexanik idi və işi avtomobilləri yarışlara hazırlamaq idi. Honda 1937-ci ildə porşen halqaları istehsalçısı olan "Tokai Seikay" şirkətini qurdu. Bu şirkət “Toyota” şirkətinə porşen halqaları tədarük etmək üçün bir müqavilə bağladı. Lakin, qısa bir müddət sonra məhsulların aşağı keyfiyyətli olması səbəbilə bu müqavilə pozuldu. Daha sonra Soiçiro Honda “Toyota” nın keyfiyyətə nəzarət proseduralarını başa düşmək üçün vaxt ayırdı və artıq 1941-ci ildə Honda “Toyota” üçün porşen halqalarını davamlı olaraq istehsal edirdi.

Bir müddət sonra “Toyota” Hondanın şirkətindən 40%-lik hissə payı satın aldı. Ancaq, Soiçiro Honda bu müddət ərzində prezidentlik vəzifəsindən idarəçi direktor vəzifəsinə endirildi. "Tokai Seikay"–ın istehsalat müəssisələri 1944-cü ildə ABŞ-ın təşkil etdiyi bombalı hücumda dağıdıldı. Bu hadisədən sonra Honda şirkətin xilasedilə bilən qalıqlarını “Toyota” ya satdı və buradan əldə etdiyi gəliri 1946-cı ilin oktyabr ayında “Texniki Təhqiqatlar İnstitutu” nu qurmaq üçün istifadə etdi.

Honda, 172 kvadrat metrlik bir yerdə 12 nəfərlik komanda ilə işlədi. “Tohatsu” motosikletlərinin təqlidlərini yaradaraq uydurma, mühərrikli velosipedlər istehsal etdilər və satdılar. Eyni zamanda istehsal etdikləri mühərrikləri velosipedlərinə taxmaları üçün insanlara satdılar. “Hondo Motor Company” qısa bir müddət ərzində böyüdü və 1964-cü ildə artıq dünyanın ən böyük motosiklet istehsalçısı oldu. Daha sonra Honda, kiçik yük maşını istehsalı ilə məşğul olmağa başladı və nəhayət avtomobil bazarına daxil oldu. Bugün isə sözügedən şirkət “Toyota” üçün ciddi bir rəqibdir.

Həmçinin oxu: Yoxsulluqdan 9 milyard dollarlıq sərvətə gedən uğur hekayəsi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et