23 yaşında şöbə müdiri, 33-də bank rəhbəri oldu | Banco.az

23 yaşında şöbə müdiri, 33-də bank rəhbəri oldu

Müəllif: Aygün Asimqızı/Banco.az

Elşən Bədirxanov: “Təsəvvür edin ki, bankın əhəmiyyətli bir hissəsini qurmaq mənə həvalə olunurdu. 20-dən bir qədər artıq yaşım və yalnız müxbir əlaqələri şöbəsində səkkiz aylıq təcrübəm vardı”

Tarix üzrə təhsil alır, bir təsadüf nəticəsində banka gəlir. İşə başladıqdan 3 ay sonra isə idarəetmə işlərinə yönəldilir. Bank sektorunda idarə heyətinin sədri vəzifəsinə qədər gəlir. Söhbət bu gün İdarəetmə üzrə konsultant və təlimçi olaraq fəaliyyət göstərən Elşən Bədirxanovdan gedir.

- Elşən müəllim, tarix üzrə təhsil almısınız. Özü də bu sahə üzrə oxumağı çox istəmisiniz. Karyeranız isə bank sektorundadır.

- Mən tarixi çox sevirdim. O vaxtlar yeganə universitet olan Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə qəbul olunmaq bir çoxlarının arzusu idi. Sənədlərimi təqdim edəndə universitetdə müəllimlər atama demişdilər ki, uşağı sındırmayın, qəbul olmaq şansı yoxdur. Atam bunu mənə deməmişdi və sənədlərimi verdik. Çətinliklə də olsa, ora qəbul olmuşdum.

- Necə qəbul oldunuz?

- Test sistemi hələ mövcud deyildi. 3 imtahan idi, hər birindən də qiymətim “5” olmalı idi. Ən pis halda biri “4” ola bilərdi. İmtahanda bütün suallara cavab verdim. Təriflədilər, “afərin” dedilər və “4” yazdılar. Səbəbini soruşdum. Dedilər ki, “4” yaxşı qiymətdir, sizdən öncə heç kim “4” almayıb, hamıda “2-3” olub. Artıq yazmışdılar, nə isə edə bilməzdim. Sonra bir müəllim məsləhət gördü ki, gələn dəfə “4” yazmaq istəsələr, apelyasiya komissiyasını çağır. Utancaq gənc idim. Bunu etmək mənim üçün çox çətin gəlirdi. Başqa çarəm də yox idi. Növbəti imtahanda sualları cavablayıram, bir gözüm də müəllimin əlindədir. Yenə təriflə başladılar. Qiymət yazmaq istəyəndə soruşdum ki, neçə yazırsınız? Dedilər ki, “4”. Dedim ki, “5” istəyirəm, komissiya çağırın. Universitetin məşhur professorları, müəllim heyəti gəldi, əlavə, fərqli suallar verdilər, cavablandırdım. Nəhayət “5” yazdılar. 3-cü imtahanda da “5” aldım və universitetə daxil oldum. Sonda universiteti fərqlənmə diplomu ilə bitirdim.

Yekun imtahanı məndən fəxrimiz Ziya Bünyadov qəbul etmişdi. İl ərzində bütün imtahan verən tələbələrdən yalnız iki nəfəri yanına aspiranturaya dəvət etdi. Biri mən idim.

- İlk işiniz elə bank sektorunda oldu?

- 1990-cı illərin əvvəllərində - universitetdə təhsil aldığım dövrdə işləməyə başlamışam. Üçüncü kursu bitirib əsgər getmişdim. Qayıdandan sonra dərsləri axşam bölməsinə keçirdim və ailənin maddi durumuna görə turizm sahəsində işləməyə başladım.

- Nə qədər maaş alırdınız?

- O zamankı pulla maaşım 120 rubl idi. Təqribən 5 dollar edirdi. Subay idim, valideynlərimlə bir yerdə qalırdım. Öz xərclərimi ödəyirdim və günə evə iki çörək alırdım.

- O işdə çalışandan sonra qərar verdiniz ki, tamam başqa sektora keçməlisiniz?

- Bank sahəsinə gəlməyim tamamilə təsadüfən olub. Universiteti yeni bitirmişdim. 1992-ci ildə qardaşım Qarabağ müharibəsində ağır yaralanmışdı. Ailənin maddi durumu o qədər də yaxşı deyildi. Günlərin biri ailə tanışımız işlədiyi bankda – “Azakbank”da vakansiya olduğunu bildirdi. Özümü sınadım və qəbul etdilər. Qısası, mədə elmə qalib gəldi (Gülür).

- Təsadüfən gəlsəniz də, bank sektorunda rəhbər vəzifələrə tez keçid etmisiniz.

- “Azakbank”da müxbir əlaqələri şöbəsində çalışırdım. 3 aydan sonra rəhbərim Dünya Bankına işə keçdi və şöbə rəhbəri vəzifələrinin icrası mənə həvalə olundu. 8 ay o bankda işləyəndən sonra “Rabitəbank”a dəvət aldım.

- Orada da rəhbər vəzifə oldu?

- “Rabitəbank” 1993-cü ilin ortalarında yaranıb. 1994-cü ilin əvvəlində məni dəvət etdilər. Manat əməliyyatları artıq həyata keçirilirdi, xarici valyuta əməliyyatları sahəsini isə sıfırdan qurmaq lazım idi. Təsəvvür edin ki, bankın əhəmiyyətli bir hissəsini qurmaq mənə həvalə olunurdu. 20-dən bir qədər artıq yaşım və yalnız müxbir əlaqələri şöbəsində səkkiz aylıq təcrübəm vardı. Amma bu sahədə bankda məndən təcrübəli adam yox idi, bazarda isə peşəkar az idi. Qollarımızı çırmalayıb komanda ilə birgə fəaliyyətə başladıq. İşimiz ağır olsa da (təsəvvür edin ki, şirkətlərdə hətta internet yox idi ki, nəyisə öyrəsən), amma nəticəsi uğurlu alındı. Müştəri xidmətləri, ticarətin maliyyələşdirilməsi, plastik kartlarla əməliyyatlar, xəzinə, müxbir əlaqələri və s. sahələrini qurduq.

- 9 il sonra idarə heyəti sədrinin müavini kimi “Bank of Baku”ya keçmisiniz.

- “Rabitəbank”dan getdiyimdə beynəlxalq əməliyyatlar departamentinin direktoru idim. “Bank of Baku”da isə əlavə olaraq bəzi fərqli sahələri də kurasiya etməyə başladım. Digər sahələrlə yanaşı, retail biznesi mənim kurasiyamda idi. “Bank of Baku”da işə başlayandan 6 ay sonra banka rəbhərlik etməyə başladım. Orada da uğurlarımız çox oldu.

- Hansı uğuru deyə bilərsiniz?

- 2002-ci ilin sonunda “Bank of Baku” istehlak kreditlərinin verilməsinə başladı. 2003-cü ilin əvvəlində də mən gəlmişdim. Satış sistemləri qurulub, partnyorlar vasitəsi ilə əla işləyir, amma dəstək infrastrukturu zəif idi. Bir də baxdıq ki, problemli kreditlər yüksək səviyyəyə çatıb - 20 faizi ötüb. O vaxt bu dəhşətli rəqəm idi. Banklarda bu göstərici təqribən 1 faiz ətrafında idi. Problemdən çıxış yolu axtarılan ərəfədə banka rəhbərlik mənə həvalə edildi. Öyrənməyə ekspertiza yox, necə deyərlər, təkəri yenidən icad eləməli idik. Təqribən 10 bənddən ibarət bir layihə düşündük. Layihənin kökündə kreditlərin monitorinqini aparmağa imkan verən proqram təminatının yazılması dururdu. Layihəmiz çox uğurlu alındı. Nəticədə 1,5 il ərzində problemli kreditlər 1,5, sonra isə 1 faizə düşdü. “Bank of Baku” isə istehlak kreditləri üzrə bazarın şəksiz liderinə və bu sahədə bir məktəbə çevrildi.

- Əslində, karyeranız maraqlı davam edib. Hətta sığorta şirkətində də çalışmısınız.

- “Bank of Baku”dan sonra – “Bank VTB” Azərbaycana gələndə - 2007-ci ildə ora keçdim. İdarə heyəti sədrinin birinci müavini idim. Əvvəl məndə retail sahəsi idi, sonra korporativ sahəni də mənə həvalə etdilər. Yəni, bütün biznes sahəsini kurasiya edirdim. Müəyyən səbəblərə görə düşündüklərimizin hamısını orada həyata keçirə bilmədik. 2010-cu ilə qədər orada çalışdım.

Sonra “NAB Holding”ə daxil olan sığorta şirkətinə sədr müavini keçdim. Orada da fərqli sahələri kurasiya etmişəm. İlk dəfə orada İT və maliyyə sahəsini də kurasiya etmişəm.

15 ildən sonra isə “Rabitəbank” yenidən məni cəlb etdi. Əvvəl konsultant, sonradan idarə heyəti sədrinin müavini kimi. 2021-ci ildən konsultasiya və təlimçi kimi fəaliyyət göstərirəm.

- Elşən bəy, karyeranın əvvəllərində rəhbər vəzifəyə gəlmək necə idi?

- İlk iş yerimdən danışsaq, faktiki olaraq mənə işi öyrədən, məndən yaşca böyük insanlara rəhbərlik etməli olmuşdum. Buna görə özümü narahat hiss edirdim. Birinci problem onların məni rəhbər kimi qəbul etmələri oldu. Eyni zamanda, həm bank, həm də idarəetmə ilə bağlı təcrübəm yox idi. Özümə əminlik və insanlarla ünsiyyət qurmaq bacarığım da yüksək deyildi. Mənəvi cəhətdən çətin olurdu. Səhvlərim də az deyildi.

- Üstündən illər keçib. Səhvlərinizdən birini deyəsiniz bəlkə.

- İş mühitində insanlarla münasibətdə sərt sərhədlər qoyurdum. Kimsə onu keçəndə, şəxsi sərhədimə daxil olmuş kimi qəbul edirdim. İllər keçdikcə bu sərhədləri azaltdım. Belə sərt sərhədləri insan özünə əmin olmayanda qoyur. Şübhəsiz ki, müəyyən sərhədlər olmalıdır. Onlar sərt olmamalı və insandan insana dəyişməlidir. Ən ciddi səhvlərimdən biri bu idi.

- İdarəetmə ilə bağlı səhvləriniz olanda, vəziyyətdən necə çıxırdınız?

Ən sərfəli kredit üçün müraciət et

- Səhvlərdən heç də həmişə ideal nəticə çıxardığımı deyə bilmərəm, amma müəyyən prinsiplərə riayət etməyə çalışırdım. Birincisi, insana qarşı səhvin olubsa, bunu etiraf etməli, həmin şəxslə danışmalısan. İkincisi, işgüzar səhv olubsa, ondan öyrənmək aləti kimi istifadə etməyi bacarmalısan.

- İş çərçivəsində anlaşılmazlıq olubsa, səhvinizi etiraf etmisiniz?

- Həmişə olduğunu deyə bilmərəm, amma buna çalışmışam.

- Maraqlıdır, bank sahəsində təhsiliniz olmadığını iş prosesində nə zamansa hiss etmisiniz?

- Bankdakı ilk işimə başlayanda, mənə illik hesabatın hazırlanması həvalə olunmuşdu. Maliyyə, bank sahəsində nə təcrübəm, nə də təhsilim var idi. Hər bir şeyi öyrənə-öyrənə hesabatı tərtib etdim. Bütün işlərə belə yanaşırdım. Çox vacib keyfiyyət olan öyrənmə qabiliyyəti, istəyi məndə var idi. İşimdə çox ciddi təsir etməsə də, bəzi vacib məqamlarda bu sahədə təhsillə bağlı boşluqları özümdə hiss edirdim. Elə ona görə qeyri-maliyyə rəhbərləri üçün maliyyə proqramı olan CIMA proqramını götürdüm.

- Bu karyeranızın hansı dönəminə düşürdü?

- 40 yaşı keçmişdim. Proqrama qoşulanda 15 nəfər idik. İqtisadi-maliyyə təhsili olmayan yeganə şəxs mən idim. Proqram bir il davam etdi. Çox ağır oldu, amma uğurla başa vurdum. Yekunda cəmi beş nəfər qalmışdıq.

Bundan başqa, mən hər zaman müxtəlif proqramlarda və təlimlərdə iştirak edərək biliklərimi artırmağa çalışmışam. Elə indinin özündə də. Üstəlik ildə 40-dan çox biznes və elmi-populyar kitab oxuyuram.

- Menecer, yoxsa lider? Özünüzü hansına aid edirsiniz?

- Nəzəriyyədə bir çoxları menecerlə lideri ayırırlar. Sanki menecer pis, lider yaxşı rəhbərdir. Piter Drukerin də bu mövzuda mübahisəli bir fikri var. Deyir ki, menecer işləri düzgün görür, lider isə düzgün işləri görür. Düşünürəm ki, yaxşı idarəçidə həm menecer, həm də lider keyfiyyətləri olmalıdır. Sadəcə bəzi insanlarda menecer keyfiyyətləri daha qabarıqdır, digərilərində isə lider. Onları fərqləndirən bir sıra keyfiyyətlər var. Birini deyim. Əgər mənfəəti artırmaq lazım olursa, menecer daha çox harada qənaət etmək məsələsinə, lider isə harda daha çox qazana bilməyə fokuslanır. Mən özümü orta mövqedə görürəm.

- Təxminən 30 illik karyeranız var. Karyeranızda ən böyük uğur nəyi hesab edirsiniz?

- Məncə, ən böyük müvəffəqiyyətim məhdud resurslarla müxtəlif şirkətlərdə bir çox mürəkkəb layihələri uğurla başa vurmaqdan ibarət olub. Digər fəxr etdiyim məqam ondan ibarətdir ki, bir çox gənc istedadın aşkarlanması mənə nəsib olub. Hər biri öz sahəsi üzrə artıq püxtələşmiş peşəkardır və ölkənin aparıcı qurumlarda rəhbər vəzifələrdə çalışırlar. Onların uğurlarına sevinirəm.

- İş həyatınızın uğurlu getməsi ilə yanaşı, həm də öz məşğuliyyətləriniz, maraq dairəniz olub. Əvvəldən belə olub, yoxsa karyerada müəyyən bir yerə gələndən sonra bunu formalaşdırmısınız?

- Ümumiyyətlə, mən təsəvvür etmirəm ki, insanın kənar fəaliyyəti olmasa, həyatı necə maraqlı ola bilər. Bu, mənim üçün təbii haldır. Uşaq vaxtından bu yana həmişə hansısa hobbilərim olub. Zamanla yeni maraqlarım da yaranıb. Məsələn, qeyri-peşəkar idmana həmişə həvəsim olub. Çalışdığım təşkilatlara da bunu gətirməyə çalışmışam. Çox təşkilatlarda futbol yarışlarının keçirilməsini özüm təşkil edirdim, ta ayağımdan ciddi zədə alana qədər. Tennis, şahmat üzrə bank çempionu olmuşam. İntellektual oyunlara, məntiqi məsələlərə böyük həvəsim var. Maraq dairələrim kifayət qədər genişdir.

48 yaşıma qədər qaçışla məşğul olmamışam. Bir illik hazırlaşdıqdan sonra 2019-cu ildə Bakı marafonunda iştirak etdim və sona kimi çatdım. Kənar maraqlarsız, hobbilərsiz həyat mənim üçün darıxdırıcı olardı.

- Bir çoxumuz deyirik ki, işdən vaxtımız olmur. Siz necə vaxt tapırsınız?

- Bu suallarla tez-tez rastlaşıram. Məsələn, həftədə üç dəfə səhər qaçıram. Bütün işlərə də, yaxınlarıma da vaxt ayırıram, ildə 40-dan çox kitab oxuyuram. Bunu eşidənlər deyirlər ki, mümkün deyil. Əgər mən bunu edirəmsə, deməli mümkündür. Zaman hər kəsə eyni verilir. Sadəcə olaraq nəyə vaxt sərf etməyiniz seçiminizdən asılıdır. Kimi həftədə 2-3 dəfə ziyafətə gedir, kimi sosial şəbəkədə çox vaxt keçirir, kimi televizora çox baxır, kimi film izləməyə vaxt ayırır. Müəyyən vaxt çərçivəsində bunları da edirəm, amma əsas fokusum yazdığım digər işlərədir.

- Ətrafda çox dost-tanışı olan adamlar bunu tənzimləyə bilmədiklərini deyirlər. Sizin də ətrafınızda insan çoxdur. Bunu necə tənzimləyirsiniz?

- Mən öz dostlarımı, tanışlarımı bir-biri ilə tanış etmişəm (Gülür). Bütün dostlarım bir-biri ilə dostlaşıb. İndi hamılıqla bir yerdə görüşürük. Bunu şüurlu şəkildə, vaxt qənaətinə görə etməmişəm. Sadəcə belə alınıb. İstəyim o idi ki, mənə yaxın olan insanların da bir-biriylə münasibəti olsun. Eyni zamanda digər dostlarım da məşğul insanlardır. Həftədə bir dəfə görüşmək formatı hamını qane edir.

- “Uğura inan, öz biznesinə başla” adlı kitab yazmısınız. Bu ad belə bir sual yaradır: Özünün biznes təcrübəsi var?

- Yaxşı ki bu sualı verdiniz. Maraqlı bir təcrübəmi danışmaq imkanım oldu. Özüm heç vaxt ciddi bizneslə məşğul olmamışam. Həmişə korporativ mühitdə çalışmışam. 2015-ci ildəki ilk devalvasiyadan sonra gənclər üçün alternativ çıxış yollarının tapılmasına fokuslandım. Dünyada biznes inkubatorlarının fəaliyyətini ciddi öyrənmişdim. Hətta yerli mikro biznes inkubator layihəsini də hazırlamışdım. Öyrəndiklərim itməsin deyə, onları 2016-cı ildə kitab şəklində nəşr etdirdim (Azərbaycan Banklar Assosiasiyasının və ASAN Könüllüləri təşkilatının dəstəyi ilə). Yazdıqlarımdan əmin idim. Sonra düşündüm ki, o alqoritm üzrə özüm də biznes yaradım və göstərim ki, bu mümkündür. Uzun müddət seçim etdim, “Amazon”da ticarət üzərində dayandım. Araşdırdım, internetdəki ödənişsiz təlimlərdə həmin biznesi detallı öyrəndim. Ticarət edəcəyim məhsulu seçdim. Çində istehsal edən bir neçə şirkət tapdım. Sifariş verdim, şirkətin adını düşündüm, xərc çəkmədən loqo yaratdım, qablaşdırma üçün dizaynı tərtib edib şirkətə göndərdim. Qısası, ticarətə başladım, toplam xərcim 2500 dollar oldu. Aktiv satışlar getdi. Gördüm ki realdır. Yazdıqlarıma daha çox əmin oldum.

İlk kitabımdan (aba.az saytından ödənişsiz yükləmək mümkündür) sonra çoxsaylı geridönüşlər alırdım. Yalnız bir maraqlı nümunəni gətirim. İkinci kitabımın maliyyə dəstəyini ABB həyata keçirib, nəşrini həyata keçirən şirkətin sahibi isə bu biznesini mənim birinci kitabımı oxuyub onun təsiri altında qurub. Söhbət “Bookzone” kitab evindən gedir.

- 2 ildir bankdan ayrılmısınız. Niyə uzaqlaşmısınız?

- Bankdan uzaqlaşmağım bankda struktur dəyişiklikləri ilə bağlı idi. Əslində bankda çalışdığım müddətdə özümdə bir dəyişiklik ehtiyacı görürdüm. Sadəcə olaraq o riskli addımı atmağa özümdə cürət tapmırdım. Konsultasiya, təlim işini çox sevirəm. İlk səkkiz ayı ümumiyyətlə öz hesabıma yaradıcılıq məzuniyyəti götürərək ikinci kitabımın yazılması ilə məşğul oldum. O zaman iş təkliflər də olurdu, konsultasiya sifarişləri də. İmtina edirdim ki, beynimdəki fikirləri indi yazmasam, sonra buna vaxt tapa bilməyəcəm. Kitabı bitirdikdən dərhal sonra konsultasiya fəaliyyətinə başladım.

- Təlim, konsultasiya mövzularınıza nələr daxildir?

- İdarəetmə mövzularına və bəzi yumşaq vərdişlərə fokuslanmışam. Korporativ mədəniyyətin təkmilləşdirilməsi, şirkətdə motivasiya və performansın idarə edilməsi sistemlərinin qurulması, liderlik potensialının inkişaf etdirilməsi, emosional intellekt, vaxtın idarə edilməsi, kritik düşüncə, strateji düşüncə, təqdimat bacarıqları, problemlərin həlli və qərarların qəbul edilməsi, əks-əlaqə mədəniyyətinin inkişaf etdirilməsi və s. mövzular bura daxildir. Sevindirici məqamdır ki, şirkətlərin mövcud  və potensial rəhbərlərini kompleks şəkildə öyrətməyə meyilləri artır. Nəticədə, ayrı-ayrı mövzuların seçilməsilə yanaşı, bəzi şirkətlər onların ehtiyaclarına uyğunlaşdırılmış orta rəhbərlər üçün Mini MBA proqramını sifariş edirlər.