Müəllif: Gülnar Əhmədli, Banco.az
"Fevralın son hərracında dollara tələb müqayisəli olaraq azalsa da, valyuta bazarı üçün ötən ay heç də asan olmadı. Fevral ayında hərraclarda 870,6 milyon dollarlıq sifariş qeydə alınıb ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə çoxdur. Bu ilin ilk 2 ayında isə hərraclarda 1 milyard 287,6 milyon dollar satılıb ki, bu da 2023-cü ilin uyğun dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur".
Banco.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov öz sosial media hesabında ötən ay dollara tələbin kəskin artmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, sonuncu hərracda 80 milyon dollarlıq sifariş ondan xəbər verir ki, valyuta bazarındakı volatilik bu ay optimallaşdırıla bilər: "Qeyd edək ki, ondan əvvəlki 5 hərracın hər birində tələb üç rəqəmli, yəni 100 milyon dollardan çox olmuşdur. Bununla belə, mart ayında da bayram, qeyri-iş günlərinin sayını və potensial idxal həcmini nəzərə alsaq dollara tələbin kəskin azalmayacağı istisna deyil.
Mərkəzi Bank fevral ayında dollara tələbin artmasını daha çox mövsümi faktorlar ilə bağlı olduğunu bəyan edib. Mövsümi faktorlar həmin dövrə uyğun olaraq daha çox təbii yaranan səbəblər kimi nəzərdə tutulsa da əvvəlki illərin fevral aylarında valyuta bazarında hər zaman sakitlik müşahidə olunub. Bu isə ondan xəbər verir ki, fevralda valyutaya tələbin kəskin artmasının digər iqtisadi və psixoloji səbəbləri var. Belə ki, 2023-cü il fevralında hərraclarda cəmi 326,5, 2022-ci ilin eyni ayında 371,3 və 2021-ci ilin həmin ayında isə 437,4 milyon dollar satılıb. Bu il fevralında isə bu rəqəm 870,6 milyon dollar olub. Göründüyü kimi, 2024-cü ilin fevral ayında müşahidə edilən kəskin artım əvvəlki 3 ilin fevral aylarında qeydə alınmayıb".
V. Bayramov son olaraq bildirib ki, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir: "Belə ki, 2023-cü ildə idxal 17 milyard 285 milyon dollara çatıb. İdxal isə valyuta tələbi deməkdir. Tələbi optimallaşdırmaq üçün isə bazarın valyuta təklifinin artırılmasına və şaxələndirilməsinə ciddi ehtiyac var".
Qeyd edək ki, ötən ay bankların hərraclarda dollar tələbi aşağıdakı kimi olub:
Tarix (fevral ayı üzrə) |
Tələb |
29 fevral |
80 milyon dollar |
27 fevral |
105,1 milyon dollar |
22 fevral |
108,1 milyon dollar |
20 fevral |
102,6 milyon dollar |
15 fevral |
103,9 milyon dollar |
13 fevral |
151,1 milyon dollar |
8 fevral |
61,4 milyon dollar |
6 fevral |
79,7 milyon dollar |
1 fevral |
78,7 milyon dollar |
Bizi sosial şəbəkələrdən izləyin!!