“2024-cü ildə inflyasiya proqnozları dəyişməz olaraq qalacaq” - AÇIQLAMA | Banco.az

“2024-cü ildə inflyasiya proqnozları dəyişməz olaraq qalacaq” - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İnflyasiyadan danışdıqda biz nəzərə almalıyıq ki, manatın məzənnəsi yaxşı ki inzibati yolla tənzimlənir. Yəni ölkədə sərbəst üzən məzənnə rejimi adlı bir valyuta idarəçiliyi mexanizmi hökm sürmür. Halbuki, qonşu ölkələrdə milli pul vahidlərinin ABŞ valyutasına nəzərən dəyərdən düşməsi onların real alıcılıq qabiliyyətinə ciddi zərbə vurur”.

Banco.az xəbər verir ki, bu açıqlamanı iqtisadçı Pərviz Heydərov edib. O bildirib ki,  inflyasiya daha çox idxaldan asılı vəziyyətdə olduğumuz, xarici təsirlər səbəbi ilə bağlıdır:

“2021-2022-ci illərdəki inflyasiya, bahalaşma tendensiyası da bu səbəbdən ortaya çıxıb. Keçən il, sözügedən tendensiya qlobal miqyasda zəiflədiyindən may ayından bizdə də özünü göstərməyə başladı. Yəni, prosesin sürəti zəiflədi. Ancaq ötən il ərzində inflyasiya ilə bahalaşma əslində, yenə istənilən həddə enmədi. Qlobal bazarlarda ucuzlaşma yanvardan müşahidə olunmağa, yəni enerjidaşıyıcıların qiymətlərindəki eniş ərzaq məhsulları üzrə ucuzlaşmaya 2023-cü ilin başlanğıcından start verməyə başlasa da, ölkədə ümumi temp ilin sonuna 8,8% təşkil etdi.
Düzdür, əvvəlki illərin yekununa görə sözügedən rəqəm ikirəqəmli həddə idi. Odur ki, xarici və daxili amillərin təsirləri nəticəsində məhz keçən il illik inflyasiya səviyyəsi azaldı. Yəni, qlobal iqtisadi aktivliyin zəifləməsi, əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davamı ölkəmizə inflyasiya idxalını məhdudlaşdırdı”. 
İqtisadçı qeyd edib ki,  inflyasiyanı məhdudlaşdırıcı faktorlar əslində çox olsa da,  hazırda qeyd olunan alovu yatıran da məhz eyni faktorlardır. Yəni, əsasən, kənar təsirlərin səngiməsidir:
 

Ən sərfəli kredit üçün müraciət et

“Cari ilin fevralın 1-nə manatın xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,3 bənd təşkil edib ki, AMB-ə istinadən bu, aylıq müqayisədə 0,3 bənd, ötən il fevralın 1-i ilə müqayisədə isə 7,4 bənd çoxdur. Yanvarın sonuna manatın real effektiv məzənnəsi isə 121,5 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 0,1 bənd, illik müqayisədəsə 0,1 bənd çox deməkdir.
Qeyd edim ki, nominal effektiv valyuta məzənnəsi milli valyutanın bir neçə xarici valyutaya nəzərən dəyişməsi indeksidir. Bu zaman həmin valyutaların milli valyuta bazarında iştirak səviyyəsi də nəzərə alınır. Real effektiv valyuta məzənnəsi isə milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksi sayılır.
Göründüyü kimi,  inflyasiya ilə bağlı vəziyyət hər halda yenə kövrək xarakter daşıyır, yuxarıya və aşağıya doğru təkan verə biləcək risklər əslində bərabər gücə malikdir. Yəni proses bu il də davam edərək 2024-cü il üzrə proqnozlar dəyişməz olaraq qalacaq".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram