2024-cü ildə Azərbaycanda benzin ucuzlaşacaq? - AÇIQLAMA | Banco.az

2024-cü ildə Azərbaycanda benzin ucuzlaşacaq? - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2023-cü ilin oktyabr ayının 1-nə Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəli ilə müqayisədə 6 482,8 mln. ABŞ dolları və ya 13,2% artaraq 55 516,4 mln. ABŞ dolları təşkil edib. 

Banco.az xəbər verir ki,  aktivlərin həcmində artıma əsas səbəb kimi xam neftin mədaxil qiymətinin proqnozdan çox olması, xərclərində isə Fond tərəfindən dövlət büdcəsinə ödənilən transfert həcminin proqnozda nəzərdə tutulmuş həcimdən az olması ilə əlaqədar olub. 

 Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyinə əsasən Dövlət Neft Fondunun gözlənilən builki gəlirləri ilin əvvəlində fondun təsdiqlənmiş büdcəsindəki gəlirlərdən iki dəfə çox olacaq. 

Gözlənilən gəlirlərdəki artım "Azəri"-"Çıraq"-"Günəşli" yataqları üzrə neft hasilatının azaldığı, "Şahdəniz" qaz yatağında isə olduğu kimi qaldığı bir şəraitdə baş verib. 2023-cü ildə neftin orta mədaxil qiymətinin 60-dollar olması proqnozlaşdırılsa da, ilin ilk doqquz ayında bu göstərici 78.6-dollar olub. 

Dövlət Neft Fondunun gözlənilən builki gəlirləri ilin əvvəlində fondun təsdiqlənmiş büdcəsindəki gəlirlərdən iki dəfə çox olacaq. Fonda daxil olması gözlənilən gəlirlərin ilkin proqnozdan iki dəfə çox olmasının səbəbi xam neft qiymətlərinin gözləniləndən çox olması, eləcə də fondun idarəetməsində olan vəsaitin gəlirlilik faizinin yüksəlməsidir.   

Ekspertlər hesab edir ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanda benzinin qiymətinə təsir edə bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Bu barədə Banco.az-a iqtisadçı Fuad İbrahimov açıqlama verib. Ekspert deyir ki,  qiymət əmələgəlmə prosesində klassik nəzəriyyənin yanaşmaları var:

“Əgər birjalarda  məhsulun xammal bazasında  ucuzlaşma baş verərsə, mütləq şəkildə qiymətinin ucuzlaşmasına ehtimal ediləcək bir dəhliz açılır. O cümlədən həmin məhsulun xammal bazası olan, əsasını təşkil edən məhsulun qiymətində bahalaşma baş verərsə, onda da həmin xammaldan istehsal olunan məhsulların qiymətində bahalaşma baş verir.   

Azərbaycanın zəngin karbohidrogen ehtiyatları olmasına və həmin məhsulun ixracını  həyata keçirməyimizə baxmayaraq,  biz benzinin bir neçə növünü idxal edirik. Məlumatlara görə,  2024-cü ildən Azərbaycan artıq  bu növ yanacağı istehsal edərək dövriyyəyə buraxacaq. Əgər bizim yanacağın qiyməti dünyada satılan standartlar dəhlizində olarsa, neftin qiyməti ucuzlaşarsa bu yanacağın qiymətinə də mütləq şəkildə təsir edəcək”.  

Pandemiya dövründə neftin qiymətində müşahidə edilən ucuzlaşmaları xatırladan iqtisadçı vurğuladı ki, Azərbaycanda yanacağın qiymətində də ucuzlaşma müşahidə edildi.  

Məsələni dünya bazarındakı qiymətlərlə müqayisə edən ekspert qeyd etdi ki, Azərbaycanda dünya standartlarına əsasən müəyyən edilən qiymət yoxdur:

“Amma biz təcrübədə  idxal etdiyimiz yanacağın qiymətində ucuzlaşmaları görmüşük. Bu beş, on qəpik civarında olsa da ucuzlaşmalar müşahidə edilib. Məsələyə bu nöqteyi-nəzərdən yanaşarsaq, əgər neftin qiymətində yenə də  ucuzlaşma davam edərsə, bu idxal olunan məhsulun qiymətinə də təsir edəcəkdir”. 

Ən sərfəli krediti almaq üçün müraciət et