2020 Dünya Turizmi üçün ən pis il oldu | Banco.az

2020 Dünya Turizmi üçün ən pis il oldu

Tamara Mustafayeva, Banco.az

2020-ci ildə turizm sektorunun maddi itkiləri 1.3 trilyon dollar olub, hazırda 100-120 milyon insan işini itirmək riski ilə üz-üzədir.

Mərkəzi ofisi İspaniyanın Madrid şəhərində yerləşən Ümumdünya Turizm Təşkilatı (ÜTT) yeni növ koronavirus pandemiyası səbəbilə ötən il beynəlxalq səyahətlərin 2019-cu ilə nəzərən 74% azaldığını açıqlayıb.

"Turizm tarixinin ən pis ili" ifadəsini işlədən ÜTT pandemiyaya görə tətbiq edilən səyahət məhdudiyyətlərinin turizm sektorunda daha əvvəl bənzəri olmayan bir böhrana yol açdığını vurğulayıb.

Covid-19-un 2020-ci ildə turizm sektoruna təqribən 1.3 trilyon dollar zərər verdiyi və bu göstəricinin 2009-cu ildə yaşanılan qlobal iqtisadi böhran əsnasında qeydə alınan maddi itkidən 11 dəfə daha çox olduğu bildirilib. Hazırkı şəraitdən sektorda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq müəssisələrinin daha çox zərər çəkdiyi, 100-120 milyon insanın isə işini itirmək üzrə olduğu xüsusi vurğulanıb.

Dünya miqyasında 2020-ci ildə ən çox turist qəbul edən bölgə isə 84%-lik göstərici ilə Asiya və Sakit Okean olub. 2019-cu ilə nəzərən ötən il 71%-lik geriləmənin müşahidə edildiyi Avropada isə turist sayı 500 milyondan çox azalıb.

Bununla yanaşı, ÜTT mütəxəssisləri 2021-ci il üzrə də qeyri-müəyyənliyin davam edəcəyini söyləyiblər. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram