2018-ci ildə nə qədər "E-imza" sertifikatından istifadə edilib? | Banco.az

2018-ci ildə nə qədər "E-imza" sertifikatından istifadə edilib?

Ölkədə "Elektron imza” (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, ondan istifadə miqyası da genişlənməkdədir. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ildə istifadəyə verilən "E-imza” sertifikatlarının sayı 39 748 ədəd təşkil edib. Bu sertifikatlardan 15 254-ü dövlət qurumlarının, 14 900-ü hüquqi şəxslərin, 9 594-ü isə fiziki şəxslərin payına düşüb.

2017-ci ildə istifadəyə verilən sertifikatların sayı 26 568 (dövlət qurumları üzrə 9 754, hüquqi şəxslər üzrə 9 518, fiziki şəxslər üzrə 7 296) olub.

İstifadəyə verildiyi gündən 2019-cu ilin 1 yanvar tarixinədək olan statistikaya əsasən, ümumilikdə 166 890 “E-imza” sertifikatı təqdim edilib. Onlardan 91 206-ı dövlət qurumları, 41 612-si hüquqi şəxslər, 34 072-si isə fiziki şəxslər tərəfindən əldə olunub.

Son bir ayda istifadəyə verilən "E-imza” sertifikatlarının sayı isə 3 146 olub. 2018-ci ilin dekabr ayında verilən sertifikatların 1 834-ü dövlət qurumlarının, 828-i hüquqi şəxslərin, 484-ü isə fiziki şəxslərin payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, "E-imza” vasitəsilə həyata keçirilən əməliyyatların sayında da artım qeydə alınıb. Bu günə qədər dövlət qurumları tərəfindən 35 332 921, hüquqi və fiziki şəxslər tərəfindən 9 990 461 olmaqla, ümumilikdə 45 323 382 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2018-ci il ərzində isə aparılan əməliyyatların ümumi sayı 15 451 832 olub ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 34%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 12 127 063, hüquqi və fiziki şəxslərin payına isə toplam 3 324 769 autentifikasiya və elektron imza əməliyyatı düşüb.

"E-imza” virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Qeyd edək ki, Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

Fed.az