Azərbaycan Respublikasının 2017-ci il və növbəti 3 il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərində büdcə gəlirləri sahəsində hökumətin əsas fəaliyyətləri sırasına aşağıdakılar aid edilib:
- Qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması;
- Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması;
- Vergi ödəyicilərinin optimal gəlirliliyini və investisiya mühitini daha da yaxşılaşdırmaq məqsədilə vergi yükünü optimallaşdırmaqla qeyri neft sektorundan vergi daxilolmalarının artımına nail olmaq;
- Sadələşdirilmiş verginin tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi;
- Vergi bazasının genişləndirilməsi və vergi uçotunun təkmilləşdirilməsi istiqamətində səmərəli vergi nəzarəti mexanizmlərinin qurulması;
- Nizamnamə fondunda və yaxud səhmlərində dövlətin payı olan müəssisələrdən həmin paylara görə dövlət büdcəsinə dividendlərin alınması istiqamətində işlərin davam etdirilməsi;
- Hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə yığım faizinin artırılması istiqamətində işlərin davam etdirilməsi;
- Ölkənin şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlaşdırılması üçün həmin ərazilərdə faktiki fəaliyyət göstərən ödəyicilərin vergiləri hesabına maliyyə yardımının (dotasiyanın) azaldılması istiqamətində işlərin davam etdirilməsi;
- Gömrük tarifləri sisteminin daha azpilləli sistemə keçidinin təmin edilməsi üçün işlərin davam etdirilməsi;
- Dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması və s..
Bu istiqamətlər 2016-cı il üçün müəyyənləşdirilmiş büdcə-vergi siyasətinin əsas istiqamətləri ilə əsasən üst-üstə düşür. Həyata keçirilən siyasətin ardıcıllığı və davamlılığı baxımından bu, qənaətbəxş sayılsa da, ayrı-ayrı tədiyə növləri üzrə büdcə gəlirlərinin 2017-2020-ci illər üzrə proqnozlaşdırılan səviyyələrinin müqayisəsi bəyan edilən istiqamətlərin bəzilərinin yerinə yetiriləcəyinə hökumətin özünün də pozitiv yanaşmadığını söyləməyə əsas verir. Belə ki:
- büdcə-vergi siyasətinin əsas istiqamətlərində “dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması” hədəfi qoyulsa da, proqnozlarda 2017-ci illə müqayisədə 2018-2020-ci illərdə dövlət mülkiyyətində olan torpaqlarının icarəyə verilməsindən büdcəyə daxilolmaların azalması nəzərdə tutulur. Xüsusilə diqqətə alanda ki, son illər dövlət mülkiyyətində olan torpaqlarının icarəyə verilməsi əsasında çoxsaylı iri kənd təsərrüfatı istehsalı müəssisələri yaradılmaqdadır, onda bu tədiyə növü üzrə daxilolmalar proqnozunun növbəti illərdə azaldılması başa düşülmür;
- Hökumət dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların da 2017-2020-ci illər dövründə sabit - ildə 8.0 mln. manat səviyyəsində proqnozlaşdırır;
- Yaxud, hüquqi şəxslərin torpaq vergisi üzrə 2020-ci ilədək büdcəyə daxilolmaların sabit olaraq hər il 50.0 milyon manat olacağı proqnozlaşdırılır. Bu göstərici əvvəlki illərdə də eyni səviyyədə proqnozlaşdırılmışdı.
Bundan başqa, büdcə-vergi siyasətinin demək olar əksər istiqamətləri çox ümumi şəkildə bəyan edilib, ilin sonuna yaxud dövrün sonuna əldə ediləcək konkret hədəf göstəriciləri müəyyənləşdirilməyib. Məsələn, siyasət istiqaməti kimi qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması nəzərdə tutulsa da, illər üzrə və dövrün sonuna müvafiq göstəricilər üzrə hökumətin nail olmaq istədiyi səviyyələr konkretləşdirilməyib.
İqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin ekspertləri 2017-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı zəruri araşdırma və təhlil işləri aparmaqla bu rəyi hazırlayıblar. Rəydə növbəti ildə büdcə gəlirlərinin və xərclərinin formalaşmasında müşahidə olunan əsas meyllər müəyyən edilib, habelə gələn il həyata keçiriləcək büdcə siyasətinin iqtisadi proseslərə təsiri qiymətləndirilib.
Rəyi tam yüklə - buradan -