2015-ci ilin yanvar-aprel aylarında, Azərbaycanda toplanmış sığorta haqlarının 124,1 milyon manatı və ya 74,8%-i qeyri-həyat sığortasının payına düşüb. Banco.az portalının Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən məlumatına əsasən, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 14,2% böyüyüb.
Qeyri-həyat sığortası üzrə yığımların təxminən 30,2%-i və ya 37,5 milyon manatı tibbi sığortanın, 18,2%-i və ya 22,6 milyon manatı avtomobillərin icbari sığortasının, 9%-i və ya 11,1 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 8,6%-i və ya 10,6 milyon manatı kasko sığortasının, 7,2%-i və ya 8,9 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 4,7%-i və ya 5,8 milyon manatı hava nəqliyyatı vasitələrinin sığortasının, qalan 22,1%-i və ya 27,6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
4 ay ərzində sığorta ödənişlərinin 69%-ni və ya 40,1 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,2% azdır.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 42,2%-i və ya 16,9 milyon manatı tibbi sığortanın, 25,9%-i və ya 10,4 milyon manatı avtomobillərin icbari sığortasının, 20,9%-i və ya 8,4 milyon manatı kasko sığortasının, qalan 11%-i və ya 4,4 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 32,3 manatı ödəniş edilib. 2014-cü ilin yanvar-aprel aylarında bu göstərici 38,5 manat olub.