2014-cü ildə Azərbaycanda inflyasiya 9% təşkil edə bilər | Banco.az

2014-cü ildə Azərbaycanda inflyasiya 9% təşkil edə bilər

Azərbaycanda yanacağın qiymətlərinin bahalaşması 2014-cü ildə inflyasiyanın 9%-dək artmasına səbəb ola bilər. Bu barədə Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev bazar ertəsi “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib.

“Benzinin qiymətlərinin artması inflyasiyaya böyük təsir göstərəcək. Bizim proqnozlarımıza görə, 2014-cü ildə ölkədə inflyasiya 9%-dək arta bilər. Lakin bu, bizim ilkin proqnozumuzdur. Dəqiq proqnoz aparacağımız araşdırmalardan sonra 2014-cü ilin mart ayında dərc olunacaq”, - deyə N.Vəliyev qeyd edib.

Xəbər verildiyi kimi, Tarif Şurasının qərarına əsasən, dekabrın 3-dən etibarən Azərbaycanda Aİ-95 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0,8 manat (əvvəllər 0,6 manat), Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 0,7 manat (əvvəllər 0,55 manat), dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 0,6 manat (əvvəllər 0,45 manat) səviyyəsində müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycana energetika, nəqliyyat, kənd təsərrüfatı, mənzil-kommunal təsərrüfatı, özəl sektorun inkişafı sahələrində layihələr üzrə $1,4 mlrd.-dan artıq məbləğdə kredit ayırıb. Hazırda Azərbaycanda layihələr üzrə aktiv kredit portfeli $1,2 mlrd. təşkil edir.

Mənbə