17 ildən sonra Rəqabət Məcəlləsi təsdiqləndi - Nələr dəyişəcək? | Banco.az

17 ildən sonra Rəqabət Məcəlləsi təsdiqləndi - Nələr dəyişəcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Milli Məclis Rəqabət Məcəlləsi haqqında qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb.

Banco.az xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq. 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilən Rəqabət Məcəlləsi 17 ildir ki, qəbul olunmurdu.

Bu barədə fikirlərini bildirən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli hesab edir ki, qanunun qəbulu milli iqtisadiyyatda rəqabət qabiliyyətliliyin yüksəldilməsinə əhəmiyyətli töhfə verəcək:

“Qanunla təsdiq edilən Rəqabət Məcəlləsi subyektlərinin səmərəli fəaliyyətinə geniş imkanlar yaradacaq. Məcəllənin tətbiqi  ədalətli və azad mühitinin qorunmasına, məmnunluğunun təmin edilməsi bütövlükdə bazar subyektlərinin rəqabət qanunvericiliyinə zidd hərəkətləri ilə effektiv mübarizə aparmağa kömək edəcək. Bununla da  tənzimləmə fəaliyyətlərinin rəqabətə təsirlərini operativ qiymətləndirmək mümkün olacaq”.

İqtisadçı millət vəkili Vüqar Bayramov da bildirdi ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi vacib idi:

“Layihənin qəbul edilməsində məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və  daha da gücləndirilməsidir. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir layihədir. Ona görə də Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycan iqtisadiyyatında rəqabətin dəstəklənməsi və azad sahibkarlığın inkişafı baxımından vacib addım kimi qiymətləndirilir”.

Ən sərfəli kredit üçün müraciət et

Cari  ilin mart ayında deputat Vahid Əhmədov parlamentdə çıxışı zamanı demişdi ki, qiymət siyasətinin əsas prioritetlərindən biri bazarda azad rəqabətin olmasıdır. Bu prosesə müəyyən qədər təsir edən amillərdən biri Rəqabət Məcəlləsinin qəbul edilməsidir.

İqtisadçı Xalid Kərimli isə qeyd etdi ki, məcəllənin qəbulu özəl sektor tərəfindən süni qiymətin formalaşmasına mane ola bilər.

“Rəqabət Məcəlləsinin qəbulu təşkil edilən rəqabət orqanının səlahiyyət və vəzifələrini hansı dərəcədə effektiv görmək istəməsi və görə bilməsi baxımından mühim əhəmiyyət daşıyır. Əgər rəqabət orqanı təkmil, kifayət qədər etik, peşəkar, korlamamış mütəxəssislərdən, məmurlardan ibarət olsa, ümid var ki, nəticəsi yaxşı olacaq. Əksinə, məcəllədən daha çox pul qazanmaq məqsədi ilə yanaşılarsa bu ciddi şirkətlər üçün başağrısına çevrilə bilər”.

Qeyd edək ki, Məcəllə qəbul edildikdən təxminən 6 ay sonra, yəni 2024-cü il iyulun 1-də qüvvəyə minəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et