PAŞA Bank rüblük iqtisadi icmalların hazırlanmasına başladı | Banco.az

PAŞA Bank rüblük iqtisadi icmalların hazırlanmasına başladı

Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank rüblük iqtisadi icmalların hazırlanmasına başladı. İcmal rüb ərzində ölkə iqtisadiyyatında müşahidə olunan proseslər, maliyyə-bank sistemi və maliyyə bazarlarında mövcud vəziyyət, əsas siyasət dəyişiklikləri və ilin sonuna iqtisadi artım gözləntilərini özündə birləşdirir. Azərbaycan və ingilis dillərində hazırlanan icmal bankın mövcud və potensial müştərilərinə öz biznes hədəflərinə çatmaq üçün makro və mikro-iqtisadi trendləri daha yaxından təqib etmək imkanı yaradacaq.

“Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyması, qeyri-neft sektorunun diversifikasiyası və iqtisadiyyatda baş verən struktur dəyişiklikləri, eyni zamanda daxili və xarici bazarda artan rəqabət bankın fəaliyyət göstərdiyi makro mühitin dərin təhlilinə zərurət yaradır. Ölkənin qabaqcıl korporativ bankı kimi müştərilərin etibarlı maliyyə partnyoruna çevrilmək missiyasından irəli gələrək PAŞA Bank öz iqtisadçılarının apardığı professional təhlillərin nəticələrini müştərilərə təqdim edir, iqtisadiyyatda formalaşan meyllər və risklər barədə onları məlumatlandırmağa çalışır”- deyə PAŞA Bankın Baş İnvestisiya İnzibatçısı Taleh Kazımov bildirib.

PAŞA Bankın böyük iqtisadçısı Elman Eminov cari ilin ötən rübündə Azərbaycan iqtisadiyyatında güclü artım proseslərinin davam etdiyini, iqtisadiyyatın uğurlu struktur transformasiyası istiqamətində islahatların aparıldığını xüsusilə qeyd etmişdir. “İstər ənənəvi, istərsə də alternativ aktivlik göstəriciləri 2014-cü ilin birinci rübündə yüksək iqtisadi nəticələrin əldə olunduğunu göstərir. Ölkə iqtisadiyyatı daxili tələb, o cümlədən iri həcmli büdcə xərcləri fonunda artmağa davam edir. 2014-cü il dövlət büdcəsində istifadə olunan neft gəlirlərinin azaldılması, birinci rübdə qeydə alınan islahat təşəbbüsləri hökumətin yeni struktur və institusional islahatlara əzmlə davam edəcəyinin işarəsi və göstəricisidir”, deyə o bildirib.

PAŞA Bank

Ən sərfəli kredit üçün müraciət et

Əmir Məmmədov

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 4802672

Elektron poçt ünvanı: [email protected]

Bank haqqında:

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də; kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan PAŞA Bankda 268 əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.       

www.pashabank.az