Kapital Bankın rəhbərliyində dəyişikliklər | Banco.az

Kapital Bankın rəhbərliyində dəyişikliklər

10 iyun 2013-cü il tarixində “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmişdir. Toplantıda Kapital Bankın Müşahidə Şurasının yeni tərkibi müəyyənləşdirilmişdir. “Paşa-Holdinq” MMC-nin direktoru  Mir Camal Paşayev Müşahidə Şurasının sədri, Rauf Hacıyev, Araz Ağayev, Afaq Mustafayeva və Emin Bağırov Şuranın üzvləri seçilmişlər. 
İclasda Kapital Bankın Audit Komitəsi də yenidən formalaşdırılmışdır. Oqtay Həsənov Audit Komitəsinin sədri, Murad Əhmədov və Pərvin Salmanova Komitənin üzvləri seçilmişlər. 
Bununla yanaşı, Kapital Bankın rəsmi auditoru olan Ernst & Young şirkəti tərəfindən təqdim edilmiş 2012-ci il üzrə illik hesabat da təsdiqlənmişdir.  
Yığıncaqda “Kapital Bank” ASC-nin nizamnamə kapitalının artırılması məsələsinə də baxılmışdır. Bankın nizamnamə kapitalının məbləğinin 50 milyon manatdan 80 milyon manata qaldırılması barədə qərar qəbul edilmişdir. 
Eyni zamanda, Müşahidə Şurasının Mir Camal Paşayevin rəhbərliyi ilə keçirilən ilk iclasında Bankın İdarə Heyətinin tərkibində də dəyişikliklər aparılmışdır. Bankın İdarə Heyətinin sədri vəzifəsinə Rövşən Şamil oğlu Allahverdiyev seçilmişdir. R.Ş.Allahverdiyev bu vəzifəyə qədər "PAŞA Bank" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışmışdır. 
Kapital Bankda İdarə Heyəti sədrinin birinci müavini vəzifəsi də təsis edilmişdir. Bu vəzifəyə Fərid Məmmədov, İdarə Heyəti sədrinin müavinləri vəzifəsinə Yaşar Məmmədov və Murad Şirəliyev, İdarə Heyətinin üzvü vəzifəsinə isə Bankın Baş maliyyə inzibatçısı Roksana Əfəndiyeva seçilmişlər. 
İclasda Kapital Bankın İdarə Heyətinin sabiq sədri Elmar Məmmədovun ötən dörd il ərzindəki fəaliyyəti də qiymətləndirilmiş, məqsədyönlü işinə görə ona təşəkkür bildirilmişdir. Xüsusilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinin Kapital Bank tərəfindən uğurla icrası təqdir olunmuş və Elmar Məmmədova gələcək işlərində nailiyyətlər arzulanmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et