Kapital Bankın Abşeron filialının keçmiş binasına basqınla əlaqədar RƏSMİ AÇIQLAMA | Banco.az

Kapital Bankın Abşeron filialının keçmiş binasına basqınla əlaqədar RƏSMİ AÇIQLAMA

İyulun 3-də axşam saatlarında Kapital Bankın Abşeron filialının Xırdalan şəhəri Qalibiyyə küçəsi 27-ci məhəllə ünvanında yerləşən keçmiş binasına basqın olmuşdur. Basqın edən şəxs filial bağlandığı ərəfədə oğurluq etmək məqsədilə banka daxil olmuş, lakin filialda gecə növbəsində keşik çəkən mülki mühafizəçi HamletŞıxəliyevin müqavimətinə rast gələrək onunla bir müddət əlbəyaxa olduqdan sonra niyyətinə çatmadan hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Kapital Bankın təhlükəsizlik xidmətinin və Abşeron rayon Mühafizə Polisi İdarəsinin əməkdaşlarının birgə uğurlu səyi nəticəsində basqın edən şəxs dərhal yaxalanmışdır. İlkin araşdırma zamanı məlum olmuşdur ki, cinayətkar Kapital Bankda sürücü-inkassator vəzifəsində bir müddət çalışmış Hikmət Əliyevdir.
Məlumat üçün bildirək ki, bir neçə gün öncə Kapital Bankın Abşeron filialı yeni təmirdən çıxmış binaya köçürüldüyü üçün basqın zamanı binada hər hansı maddi vəsait və qiymətli əşya olmamışdır. Basqın zamanı filialı mühafizə edən Hamlet Şixəliyev yüngül yaralanmış, ona hadisə olduqdan dərhal sonra təcili yardım göstərilmiş və xəstəxanaya yerləşdirilmişdir, hazırda vəziyyəti normaldır. Kapital Bank vəzifəsini layiqincə yerinə yetirən Abşeron rayon Mühafizə Polisi İdarəsi və bankın təhlükəsizlik xidmətinin əməkdaşlarına dərin təşəkkürünü bildirir, eyni zamanda Hamlet Şıxəliyevin müalicəsi ilə əlaqədar bütün xərcləri öz üzərinə götürür.
Bildiririk ki, dünən baş vermiş hadisə lokal xarakter daşıdığı üçün Kapital Bankın fəaliyyətinə təsir göstərməmişdir, Bankın bütün filialları, o cümlədən yeni istifadəyə verilmiş Abşeron filialı bugün normal rejimdə müştərilərə xidmət göstərməkdə davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et