“AtaBank” ASC-nin dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupu və “Synergy Group” ASC əməkdaşları arasında keçirilən mini-futbol turniri başa çatıb. Gərgin və maraqlı keçən yarışın yekununa əsasən yeni çempion müəyyənləşib.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi turnirin 4-cü ilində “AtaTexnologiya”adını qaliblər sırasına yazdırıb. Onlar finalda yarışın dəyişməz çempionu “No Name” komandasını “taxt”dan salıblar. Üçüncü yerin sahibinin adı isə dəyişməz qalıb.“Gobustone” yenə də son görüşdə qələbə sayəsində fəxri kürsüdə yer almağı bacarıb.
Belə ki, mayın 16-da meydana ilk çıxan “Gobustone” üçüncü yer uğrunda görüşdə “Cybernet”i sınağa çəkib. Tennis Akademiyasında baş tutan, AFFA-nın hakimlər briqadasının idarə etdiyi oyun finaldan belə fərqlənməyib. Çünki matç hər 2 komanda üçün böyük əhəmiyyət daşıyırdı. “Gobustone” ardıcıl ikinci il yarımfinalda uduzduğundan ən azı bürünc medalını qorumaq, “Cybernet” isə ilk dəfə mükafatçılar sırasına düşmək arzusundaydı. Bu səbəbdən də komandalar sona kimi ehtiyatlı oynasalar dabir səhv hər şeyi həll edib. Görüşün başa çatmasına 11 dəqiqə qalmış autdan göndərilən topu “Gobustone”nun üzvü Anar Əliyev məharətlə rəqib qapısından keçirib. Ardınca “Cybernet”status-kvonu bərpa edib görüşü əlavə vaxta daşımaq üçün irəli atıldıqda, qapısında 2-ci qolu görüb. Düzdür, bu qol onları sanki “yuxudan” ayıldıb. Heç, 1 dəqiqə keçməmiş fərqi minimuma endirib, hətta qapıçıları “Gobustone”nun penalti zərbəsini belə dəf edib. Lakin komanda kifayət qədər azarkeşin izlədiyi oyunda məğlubiyyətdən qaça bilməyib.
Bu görüşdən sonra “No Name”lə “AtaTexnologiya” turnirin ən güclüsünü müəyyənləşdiriblər. Arenaya toplaşan çoxsaylı tamaşaçılar sözün həqiqi mənasında adına layiq finala şahidlik ediblər. Ötən il olduğu kimi bu dəfə də çempion cəmi 1 qolla bəlli olub.
Lakin qalibin adı tarixə fərqli düşüb. 3 ildir bütün rəqiblərindən üstün olan “No Name” titulunu təhvil verib. Düzdür, matça yaxşı başlayan komanda sonadək hücum futbolu oynayıb. Amma qrup mərhələsində, o cümlədən 1/4 və 1/2 finalda məğlubiyyət acısı yaşamayan “AtaTexnologiya” 17-ci dəqiqədə qarışıqlıqdan istifadə edib vurduğu qolu sonadək qoruyub. Əsasən müdafiəyə diqqət yetirən və əks-hücumlara bel bağlayan komandanın qalib gəlməsində qapıçısı Cahangir Qənizadənin də əməyi az olmayıb. O, “No Name”in ardıcıl hücumlarının - güclü zərbələrinin qarşısını inamla alıb. Məğlubiyyətlə barışmaq istəməyən və azarkeşlərinə növbəti çempionluğu hədiyyə etmək arzusunda olan “Adsız komanda” sonda fasilə götürərək, hətta qapıçısını da oyuna qoşub. Lakin bu il həqiqətən çox güclü olan “AtaTexnologiya” üstünlüyünü əldən verməyib və rəqibinin uğurlu seriyasına son qoyub.
Beləliklə, 1,5 ay davam edən uzun marafon “AtaTexnologiya”nın layiqli qələbəsi ilə başa çatıb. “No Name” komandası ikinci olduğu halda, “Gobustone” ilk “üçlüyü” qapayıb.
Üçüncü yer uğrunda
“Cybernet” - “Gobustone” – 1:2
Qollar: Elçin Bəkirov, 44 – Anar Əliyev, 39; Bayram Abdullayev, 43
48-ci dəqiqədə Anar Əliyev penaltidən istifadə edə bilməyib
Final
“AtaTexnologiya” – “No Name” – 1:0
Qol: Ramiz Boqdanov, 17
Oyunların ardınca yarışın bağlanış mərasimi keçirilib. Turnirin təşkilatçısı “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Etibar Babaşlı çempionatın daha maraqlı və gərgin keçdiyini bildirib. Ötən illərdə “No Name”lə çempion olan, bu dəfə yarışı kənardan izləyən sədr çıxışında zarafatından da qalmayıb. İlk dəfə məhz onun rəhbərliyi altında çempionun dəyişdiyini qeyd edən E. Babaşlı bunun növbəti ildə gərginliyi artıracağını vurğulayıb. Onun sözlərinə görə, gələn il çempionluq savaşı revanş xarakteri də daşıya bilər.
“AtaBank” ASC-nin İdarə Heyətinin sədrinin çıxışından sonra turnirin mükafatlandırma mərasimi də təşkil olunub. Çempiona Almaniyadan gətirilən yeni kubokla yanaşı, 4000, 2-ci yeri tutan komandaya 3000, 3-cü pillənin sahibinə isə 2000 manat pul mükafatı verilib. Hər 3 kluba xatirə hədiyyəsi də təqdim edilib.
Mərasimdə yarışın ən yaxşılarının da adları açıqlanıb. Turnirin ən yaxşı oyunçusu “Gobustone”nun lideri Vüqar Həmidov seçilib. Yarışın bombardiriadına Qorxmaz Ağayev (AtaTexnologiya, 13 qol) yiyələnib. Habelə, çempion Cahangir Qənizadə qapıçılar arasında da bütün rəqiblərini qabaqlayıb. Onlar hərəyə ən yaxşılar üçün nəzərdə tutulan 500 manatla mükafatlandırılıblar.