2015-ci ilin birinci rübündə bank VTB (Azərbaycan)-ın aktivləri 367 mln manat təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 79% çoxdur. Bankın kredit portfeli il ərzində 77% artaraq 345 mln manatı ötüb.
Kredit portfelinin strukturunda 154 mln manat və ya 45% istehlak kreditlərinin payına düşüb. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 66 mln manat və ya 74% artıqdır. 2015-ci ilin birinci rübündə istehlak kreditlərinin əsas hissəsi avtokreditin və nağd kreditlərin payına düşüb – 67 mln və 65 mln manat.
Ümumi kredit portfelində sahibkarlığa ayrılan kreditlərin payı 190,5 mln və ya 55% təşkil edib. Kiçik sahibkarlığın maliyyələşməsinə bank 119 mln manat ayırıb ki, bu da 2014-cü ilin göstəricisi ilə müqayisədə 57 mln manat və ya 93% çoxdur. Orta və iri sahibkarlığın inkişafına bank 72 mln manat yönəldib. Belə ki, bank VTB (Azərbaycan) orta və iri sahibkarlığin kreditləşməsini 60% artırıb.
2015-ci ilin birinci rübündə depozit portfelinin artması müşahidə olunub. Əmanətlərin həcmi 22 mln manatı keçib ki, bu da ötən ilin həmin dövrünə olan göstəricidən 46% çoxdur.
“Bankın depozit portfelinin artımı müsbət haldır. Bu müddət ərzində biz depozit məhsullarımızın sırasını genişləndirərək, müştərilərimizə daha sərfəli şərtlər təqdim etmişik. Gələcəkdə də əhaliyə keyfiyyətli bank xidmətləri göstərmək niyyətindəyik,”- deyə, bank VTB (Azərbaycan)-ın İdarə heyətinin sədri Yuri Yakovlev bildirib.