Bank VTB (Azərbaycan) ASC-nin depozit portfeli iki dəfə artmışdır
Bank VTB (Azərbaycan) ASC-nin depozit portfeli cari ilin fevralın 1-nə 20,5 mln. manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə iki dəfə çoxdur.
Əhalinin əmanətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 %-dan çox artaraq 7,7 mln manata çatmışdır.
Müştərilərin cari hesablarındakı vəsaitlərin həcmi 14,8 mln. manat təşkil etmişdir. Xatırladaq ki, ötən ilin fevralın 1-nə bu göstərici 7 mln. olmuşdur.
VTB (Azərbaycan) fiziki şəxslərə bir neçə depozit məhsulu təklif edir. Müddəti 36 ayadək olan uzunmüddətli yığım depoziti olan “Universal” əmanəti müştərilər arasında xüsusi maraq doğurur. Əmanətin minimal məbləği 300 manat təşkil edir.
Əmanətin artırılması depozitin müddətinin birinci yarısında həyata keçirilə bilər. Bu zaman artırılmanın minimal məbləği 100 AZN(USD)-dir. Əmanətin məbləği 1000 AZN (USD)-dən artıq olduqda, məbləğdən asılı olaraq əmanətçiyə pulsuz “Viza Classic” və ya “Viza Gold” plastik kartı təqdim edilir.
Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü, pərakəndə biznesin inkişafı Departamentinin Direktoru İlnur Salahov: “Mərkəzi Bankın göstəricilərinə əsasən 2013-cü ildə əhalinin əmanətlərinin həcmi 25% artmışdır. Cari ildə də artımın olacağını proqnozlaşdırırıq. Bank VTB son illər aktiv inkişaf edərək, portfelini və aktivlərini artırır. Biz vəsaitlərin cəlb olunmasında maraqlıyıq və depozit üzrə məhsulların çeşidini artırırıq. Bizim “Universal” depoziti digər analoji məhsulların üstün cəhətlərini özündə cəm etmiş çox maraqlı məhsuldur. Belə ki, bu əmanətin kifayət qədər yüksən faiz dərəcələri, o qədər də yüksək olmayan ilkin məbləği, həmçinin müqavilənin üzün müddətli olması kimi üstünlükləri vardır. Daha bir vacib cəhət isə depozit müddətində əmanətin artırılması imkanıdır. Müqaviləyə vaxtından öncə xitam verildikdə isə müştəri müqavilənin qüvvədə olduğu bir neçə ay ərzində hesablanmış faizlərinin yarısını alır. Bütün üstünlükləri nəzərə alaraq, habelə müştərilərin bir qəpik də olsun itirməməsi üçün müvafiq depozit üzrə kredit xəttinin açılmasını təklif edirik. Müvafiq kredit xətti bank kartı üzərinə rəsmiləşəcək və bu kart müştəriyə hədiyyədir. Müştərilərin “Universal” məhsuluna həvəsi bankın bazar üçün maraqlı olan təkliflərin uğurlu tendensiyasının əlamətidir”
Arayış üçün:
Bank VTB (Azərbaycan)
Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.