Asiya İnkişaf Bankı (AİB) AccessBank-a (Azərbaycan) 5 il müddətinə 50 milyon ABŞ dolları məbləğində kredit verəcək. Bu kreditin məqsədi Azərbaycanın kənd ərazilərində mikro və KOB müəssisələrinin, xüsusilə kənd təsərrüfatı müəssisələrinin və fermerlərin kreditləşdirilməsi ilə əlaqədar Bankın fəaliyyətini dəstəkləməkdən ibarətdir. AİB-nın bu krediti beynəlxalq maliyyə təşkilatı tərəfindən AccessBank-a verilən ən böyük ikitərəfli təkrar maliyyələşdirmə vəsaitləridir – bu, iki tərəfdaş arasındakı əməkdaşlığı yeni səviyyəyə çıxarır.
Bakı şəhərində keçirilən müqavilənin imzalanma mərasimində AİB Özəl Sektor Departamentinin Baş Maliyyə Mütəxəssisi Reyner Hartel deyib: “Biz Azərbaycanın aşağı gəlir səviyyəli regionlarında AccessBank-ın kiçik müəssisələrə və fermerlərə verdiyi dəstəyin genişləndirilməsi istiqamətində AccessBank-la əməkdaşlığımızdan qürur duyuruq. İnanırıq ki, AccessBank bazarın bu imkanından istifadə etmək üçün digər kommersiya banklarına da yol açacaq. Bu kredit Azərbaycanın kənd ərazilərində maliyyə təminatının yaxşılaşdırılması sahəsində Bankla əməkdaşlıq etmək və AccessBank-ın təsisçilərindən biri olan AccessHolding-in iz qoyduğu Mərkəzi Asiyada da bu cür biznesi inkişaf etdirmək üçün platforma rolunu oynayır.”
AccessBank-ın Baş Meneceri Mixael Hoffmann müqavilənin imzalanmasını şərh edərək deyib: “Biz AccessBank-ın əsas tərəfdaşı qismində Asiya İnkişaf Bankının dəstəyini yüksək qiymətləndiririk. AİB tərəfindən verilən kredit, ölkənin əksər regionlarını əhatə edən geniş filiallar şəbəkəsi yaratdığımız kənd ərazilərində mikro və KOB müəssisələrinin kreditləşdirilməsi üzrə Bankın fəaliyyətinin genişləndirilməsinə böyük töhfə verəcək.”