Yaponiyanın Bill Qeytsi kimi tanınan Masayoşi Son-un uğur hekayəsi | Banco.az

Yaponiyanın Bill Qeytsi kimi tanınan Masayoşi Son-un uğur hekayəsi

Tamara Mustafayeva, Banco.az

Əzm, qərarlılıq və inanc: Masayoşi Son

Masayoşi Son 16 yaşında ikən Yaponiyanın ən məşhur investorlarından Den Fujita ilə tanış olmaq istədi. Den Fujita o vaxtlar Yaponiyadakı Mc.Donalds restoranlar şəbəkəsinin sahibi və Masayoşinin çox təsirləndiyi bir kitabın da müəllifi idi. Masayoşi təkidlə Fujitanın katibələri ilə əlaqə saxlamağa və görüş üçün icazə almağa çalışdı, lakin bütün səylərinə baxmayaraq, Fujita ilə görüşə bilmədi. Ola bilsin ki, Den Fujitanın 16 yaşında bir yeniyetməyə ayıracaq vaxtı yox idi. Vəziyyəti belə görən Son Tokioya Den Fujitanın ofisinə getdi.

Əslində, Masayoşi Sonun istəyi çox sadə idi. “Mənə baxmağa, mənimlə danışmağa məcbur deyilsiniz. Siz işinizlə məşğul olmağa davam edin, mən sadəcə sizi izləmək istəyirəm. Təkcə 3 dəqiqə...”

Daha sonra Fujitanın katibəsi Sonun istəyini qəbul etdi və Son özünə rol model seçdiyi Fujita ilə 15 dəqiqə söhbət etmək imkanı əldə etdi.

Məhz belə əzm və qərarlılıq nəticəsində Masayoşi Son Hindistan mərkəzli startup-ların ən mühim sərmayəçilərindən birinə çevrildi. Masayoşi Sonun “Softbank” adlı şirkəti 2013-cü ildə Hindistanın e-ticarət şirkəti “Snapdeal” ə sərmayə qoydu, lakin uğur əldə edə bilmədi. “Snapdeal” o vaxtlar uğursuz dövrlərini keçirməsinə baxmayaraq, Son bu biznesdə nailiyyət əldə etməkdə qərarlı idi. Bundan sonra Son “Snapdeal” in rəqibləri olan “Paytm” və “Flipkart” şirkətlərinə də külli miqdarda sərmayə qoydu. Bunu etməkdə məqsədi Hindistandakı e-ticarət mühitinə canlılıq gətirmək idi. Nəticədə üç şirkətdə də onun sərmayəsi var idi.

Masayoşi Sonun Hindistan startup mühitindəki ən vacib simalardan biri olacağını onun ilk gənclik illərindəki bəzi nüanslara nəzər salaraq görə bilərik. 1957-ci ildə Koreyalı mühacir bir ailədə dünyaya gözlərini açan Sonu məktəb illərində  Koreyalı olması səbəbiylə məsxərəyə qoyurdular. Bu səbəbdən də o, Koreyaca olan adını Yapon adı olan Masayoşiyə dəyişdi. 16 yaşında olarkən ingilis dilini öyrənmək üçün ABŞ – a köçdü. Orada iki il məktəbdə oxuduqdan sonra Berkli Kaliforniya Universitetinin iqtisadiyyat fakültəsinə daxil oldu.

Universitet illərində daxilindəki sərmayəçilik həvəsi daha çox özünü biruzə verməyə başladı. Video oyunlarının həvəskarı olan Masayoşi, Yaponiyadan ABŞ–a “Pac Man”, “Space Invaders” kimi oyunları idxal etdi. Bu oyunları barlara və restoranlara kirayəyə verərək gəlir əldə etdi. “Atari” firmasının kompüter oyunları 1970-ci illərin sonuna doğru getdikcə məşhurlaşmağa başlayırdı və Masayoşi bu vəziyyəti fürsətə çevirərək ilk bir milyon dollarını qazandı.

Masayoşi Son mühəndislik və texnologiya sahələrində təhsil almasa da, bu sahələr üzrə satış həyata keçirməyi çox yaxşı bilən bir sərmayəçidir. Universitet illərində fizika professoru Forrest Mozer ilə tanış oldu. Mozer isə nitq sintezi edən kompüter proqramını icad etmiş elm adamı idi. Masayoşi Son bu texnologiyadan tərcümə edilən sözün necə tələffüz ediləcəyini göstərən bir cihaz olaraq istifadə etməyi və bu xidməti hava limanlarında satmağı təklif etdi. Mozer cihazın patent hüququna sahib olduğu üçün onlar bu işdə ortaq oldular və bu cihazı “Sharp” markasına hazırki dəyəri ilə desək 1 milyon dollara satdılar. Mozer Son haqqında deyir: “Elektronika ilə bağlı heç bir məlumatı yox idi, lakin onu tanıdığım ilk andan içindəki sərmayəçi ruhunu gördüm.”

Son ABŞ-da uğurlu olmasına baxmayaraq, 1981-ci ildə Yaponiyaya qayıtdı. Iki yarım-ştat işləyən və kiçik bir ofislə “Softbank” ı təsis etdi. “Softbank” o vaxtlar proqram distribyutoru idi və Yapon şirkətlərə proqram paketi satırdı. 1982-ci ildə “Softbank” nəşriyyat sektoruna da daxil oldu, kompüter və proqramlar haqqında bir jurnal nəşr etdirməyə çalışdı. 80-ci illərin sonunda telekommunikasiya sektoruna daxil olan “Softbank” insanların ölkə daxili və xarici ölkələrə olan zəngləri üçün olduqca uyğun qiymət təklifləri təqdim edərək Yaponiyada inanılmaz dərəcədə populyar bir firmaya çevrildi. 1996-cı ildə nəşriyyat işini böyüdərək “Ziff Davis” adlı ABŞ mərkəzli texnologiya jurnalını satın aldı.

1 gecədə 70 milyard dollar itirdi

Ən sərfəli kredit üçün müraciət et

Bu həmlələr nəticəsində “Softbank”, ən populyar axtarış sistemlərindən biri olan “Yahoo”–ya belə sərmayə qoya bildi. Hətta bir müddət “Yahoo”-nun ən böyük hissədarı idi və “Yahoo Yaponiya” nı təsis etdi. 1995-98-ci illər ərzində “Yahoo”- ya cəmi 374 milyon dollar sərmayə qoyuldu. Bu sərmayə qoyuluşunda 50%-lik gəlir əldə edildi. 90-cı illərin sonunda isə Kozmo.com, More.com, SportsBrain ve Webvan kimi çeşidli texnologiya şirkətlərinə də külli miqdarda sərmayə qoyuldu.

Masayoşi Sonun sərvəti getdikcə artırdı. Internet çağı başladığı zaman isə 3 günlüyə belə olsa dünyanın ən varlı insanı ünvanını əldə etdi. Lakin, internet çağı ona da çətin vaxtlar yaşatdı. 2000-ci ildəki internet saytlarının böhran keçirdiyi vaxtda 78 milyard dollara sahib idi və bir gecədə 70 milyard dolları itirdi. Mütəxəssislər tarix boyunca yaşanmış ən böyük sərvət itkisinin Masayoşi Sonun başına gəldiyini bildirirlər. “Softbank”-ın səhmləri də o günlərdə 99% dəyər itirdi.

“Alibaba”–ya sərmayə qoyuluşu 2240 qat qazanc gətirdi

Lakin son bu yaşananlar səbəbiylə ruhdan düşmədi. Şirkətini yenidən ayağa qaldırmaq üçün müxtəlif addımlar atmağa başladı. Yaponiyaya sürətli internet xidmətini gətirdi. Ən maraqlısı isə o vaxtlarda kiçik bir Çin startup şirkəti olan “Alibaba” – ya 30 milyon dollar sərmayə qoydu. Bu şirkəti biz daha çox “Aliexpress” olaraq tanıyırıq.

“Alibaba” zaman keçdikcə dünyanın ən böyük şirkətlərindən birinə çevrildi. “Softbank” ın bu şirkətdəki hissələri 130 milyard dollara qalxdı. Yəni, 2240 qat dəyər qazandı. Əldə edilən bu nəhəng gəlirlə “Softbank” dünyanın bir çox yerində startup şirkətlərə sərmayə qoymağa davam etdi. 100 milyon dollar dəyərində “Vision Fund” adlı sərmayə fondunu qurdu. Bu fondun dünya üzrə texnoloji inkişafa təkan verəcəyi planlaşdırılır.

Bu qədər uğurlu olmağın sirri nədir?

Berkli Universiteti kimi prestijli bir təhsil ocağında iqtisadiyyat fakültəsini bitirməyi, ingilis dilini bilməyi və qarşısına çıxan fürsətlərdə tərəddüd etməməyi...

Qərblə Yaponiya arasında davamlı olaraq səyahət etdiyi üçün qərblilərlə işləməyin incəliklərinə bələd idi.

Bununla yanaşı risk almağı, böyük düşünməyi və gələcəyi təxmin etməyi yaxşı bilirdi.

Masayoşi Son hazırda 61 yaşındadır. Iş həyatında müxtəlif uğursuzluqları və inanılmaz uğurları olmasına baxmayaraq o, hələ də çalışmağa davam edir və belə deyir: “Həyat kiçik düşünmək üçün çox qısadır.”

Həmçinin oxu: 3 qlobal markanın inanc dolu quruluş hekayəsi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et