“Problemli lizinq” xəbərdarlığı edildi | Banco.az

“Problemli lizinq” xəbərdarlığı edildi

“Bildyiniz kimi kredit təşkilatlarına dair çox ciddi tələblər müəyyən edilib və bu tələblərin icra olunmasına Mərkəzi Bank tərəfindən ciddi nəzarət vardır. Lizinq şirkətləri üzərində bu cür nəzarətin olmaması bir çox gözlənilməz nəticələr gətirib çıxara bilər”.

Bu sözləri “Corporate Legal Consultancy” (CLC) hüquq şirkətinin direktoru Pərviz Məmmədov deyib.

ÖHDƏLİKLƏRİN İCRA EDİLMƏMƏSİ İLƏ NƏTİCƏLƏNƏCƏK

Onun sözlərinə görə, lizinq şirkətinin yaradılmasına və idarə olunmasına ciddi məhdudiyyətlər olmadığndan istənilən təsadüfi şəxslər lizinq şirkəti yarada bilər və müxtəlif mənbələrdən vəsait cəlb edərək bu fəaliyyətlə məşğul ola bilər. Lakin burada peşəkar mütəxəssis çatışmazlığı və təşkilati nəzarətin olmaması, nəticədə kütləvi olaraq öhdəliklərin icra edilməməsi ilə nəticələnəcək.

ÖDƏMƏMƏ HALLARI ARTACAQ

“Digər tərəfdən lizinq şirkətləri banklardan yuxari faizlə cəlb etdikləri vəsaitləri daha baha qiymətə bazara çıxaracaqlar ki, bu da öz növbəsində ödəməmə hallarının artmasına səbəb olacaq. Mərkəzləşmiş nəzarət sxemi olmadığından lizinq üçün müraciət etmiş şəxsin digər lizinq şirkətləri və banklar qarşısında öhdəliklərinin olub-olmamasını müəyyənləşdirmək mümkün olmadığından risklərin keyfiyyətli idarəedilməsi mümkün olmayacaq”, - Pərviz Məmmədov deyib.

Ən sərfəli kredit üçün müraciət et

İNVESTORLAR DİQQƏTLİ OLMALIDIRLAR

Hüquq şirkətinin rəhbəri investorları da diqqətli olmağı tövsiyə edib:  “Nəzərə alsaq ki, lizinq şirkətləri kredit təşkilatlarından fərqli olaraq, əmanət cəlb edə bilməzlər, bu halda onlar ya kredit cəlb etməli, ya da investor tapmalıdırlar. Hər iki halda həm banklar, həm investorlar lizinq şirkətlərinə pul ayırarkən öz risklərini ciddi qaydada analiz etməlidirlər”.

Hüquq şirkətinin direktoru yeni lizinq fəaliyyətinə başlamaq istəyən şirkətlərə tövsiyyəsini də verdi: “Öz fəaliyyətlərini qanunvericliyin tələblərinə tam uyğun olaraq qursunlar. Bu sahədə peşəkar şəxslərlə əməkdaşlıq etsinlər. Qanunvericliyin tələblərini pozmamaq şərti ilə öz vergi və maliyyə məsələlərini optimallaşdırsınlar”.

Qeyd edək ki, banklar avtomobil kreditlərini sərtləşdirdiyindən avtomobil satışı mərkəzləri lizinq şirkətləri ilə çalışmağa başlayıblar. Kreditin yerini tuta bilməsə də, avtomobil dilerləri lizinq yolu ilə azalmış satışlarını az da olsa bərpa etməyə çalışırlar .

Azərbaycanda banklarda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 800 milyon manatdan çoxdur. Bunun da xeyli hissəsi avtomobil kreditlərinin payına düşür.  

Mənbə: marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et