"Burada avtomobil yolu salınsa, ölkə büdcəsinə xeyli gəlir gətirəcək" | Banco.az

"Burada avtomobil yolu salınsa, ölkə büdcəsinə xeyli gəlir gətirəcək"

"Şimal-Cənub" nəqliyyat dəhlizi Rusiya və bir sıra Baltikyanı Avropa ölkələrini birləşdirir. Burada çox səliqəli, tam təhlükəsiz yol olsa, Azərbaycan üzərindən avtomobil daşımaları artacaq. Bu, büdcəyə xeyli gəlir gətirəcək".

Bu sözləri açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Süleymanov deyib. 

O, ölkəmizdə ödənişli yol təcrübəsinin yoxluğundan danışarkən bildirib ki, buna səbəb tələbatın az olması deyil : "Sadəcə ödənişli yol təcrübəsi üçün bəzi şərtlər ödənilməlidir. Məsələn, yolun ödənişli olması üçün onun ödənişsiz alternativi olmalı, bu alternativ isə bütün standartlara cavab verməli, rahat olmalı, hər kəs oradan problemsiz istifadə etməlidir. Sadəcə məsafə fərqi, yaşayış məntəqəsindən keçib-keçməmək məsələsi ola bilər. Hazırda isə Azərbaycanda belə yol yoxdur. Bakı şəhərini hansısa rayonla birləşdirən alternativ yol mövcud deyil. İndi istismar olunan Bakı-Quba-Rusiya sərhədindəki məşhur beton yol darmadağın olub, xeyli hissəsi istifadə üçün yararsız hala düşüb. Həmin yolu tam bərpa edib istismara yararlı hala gətirmədən heç yeni tikilən yol ödənişli edilməməlidir. Bu, yalnız köhnə yolun bərpa edilib rahat istismara verilməsindən sonra mümkün olacaq".

Ə.Süleymanov həmçinin qeyd edib ki, son 10-15 ildə Azərbaycanda avtomobilləşmə prosesi intensiv xarakter alıb: "Avtomobil yollarına tələbat artıb. Tələbata uyğun alternativlər zərurəti də yaranmağa başlayıb. Karantinlə əlaqədar hərəkətə müəyyən məhdudiyyətlər qoyulub. Amma Bakı - Şamaxı yolu indi əməlli başlı yüklənir. Belə davam etsə, yaxın 5-10 il ərzində bu yolun alternativinə zərurət yarana bilər. Qeyd edim ki, bu təcrübəyə görə, yol bütövlükdə ödənişli olmur. Ödəniş sistemi onun müəyyən yol elementlərinə tətbiq olunur. Bu, əsasən, xüsusi əhəmiyyət daşıyan hansısa yol, körpü üçün nəzərdə tutulur. Məsələn, Türkiyədə Asiya ilə Avropanı birləşdirən körpülərin bir neçəsi ödənişlidir. Bu aralar ölkəmizdə həm avtomobilləşmə, həm də yol infrastrukturunun inkişafı prosesi gedir. Gələcəkdə tələbat çoxalsa, növbəti ödənişli yollar istifadəyə verilə bilər".

Ən sərfəli kredit üçün müraciət et

Ekspert vurğulayıb ki, ödənişli yolla kimsə pul qazanmır: "Yolun ödənişli olması ölkə büdcəsinə birbaşa gəlir gətirmir. Çünki bu ödəniş cüzidir və həmin yolun təmir-bərpa işləri, orada cari vəziyyətin saxlanması üçün yetərli olur. Heç əsaslı təmirə də kifayət etmir. Əsaslı iş görəndə yenə də dövlət büdcəsinə üz tutulur. Amma ödənişli yolların dolayısı ilə ölkə iqtisadiyyatına, nəqliyyat sektoruna böyük təsiri olur. "Şimal-Cənub" nəqliyyat dəhlizi Rusiya və bir sıra Baltikyanı Avropa ölkələrini birləşdirir. Burada çox səliqəli, tam təhlükəsiz yol olsa, Azərbaycan üzərindən avtomobil daşımaları artacaq. Bu, büdcəyə xeyir gətirəcək. Ödənişli yol nəqliyyat sektoruna təkan verməklə, ölkənin tranzit əmiyyətini artırmaqla büdcəyə xeyir verə bilər. Avtomobil yolları yaxşılaşanda səyahət müddəti azalır, təhlükəsizlik səviyyəsi yüksəlir və nəticədə iqtisadiyyatın bütün sahələri inkişaf edir. Ölkədaxili, beynəlxalq turizm, kənd təsərrüfatı məhsullarının daşınması və s. istiqamətlərdə inkişaf hiss olunur".

Ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et