Bağlanmış bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi üzrə ərizə qəbulu başa çatır | Banco.az

Bağlanmış bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi üzrə ərizə qəbulu başa çatır

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu 4 bankın qorunan əmanətçilərinə müraciət edib.

Müraciətdə bildirilir ki, “Dekabank”, “Kredobank”, "Parabank” və "Zaminbank” ASC-lərdə 25 iyul 2016-cı il tarixində sığorta hadisəsi baş verib. “Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Adı çəkilən bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi məqsədi ilə ərizələrin qəbulu üçün son gün bu gün - 1 avqust 2017-ci il hesab olunur. Bununla əlaqədar kompensasiya almaq üçün müraciət etməyən qorunan əmanətçilərdən bu gün ərzində fonda müraciət etmələri xahiş olunur.

“Əmanətlərin Sığortalanması haqqında” qanuna əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

Ən sərfəli kredit üçün müraciət et

Fondun “Kompensasiyaların ödənilməsi proseduruna dair” qaydalarına uyğun olaraq əmanətçinin müraciətini qeyri-mümkün etmiş hallara əmanətçinin Silahlı Qüvvələrin tərkibində həqiqi hərbi xidmətdə olması, ağır xəstəliyi, qarşısı alınmaz qüvvənin təsiri, məhkəmə qərarı ilə müraciət müddətinin uzadılması aiddir. Bu kimi hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Qeyd edilən sənədlər təqdim edilmədiyi halda əmanətçiyə müraciət müddətini ötürməsi ilə əlaqədar kompensasiya ödənilməsindən imtina olunacaq.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et