Azərbaycan Dövlət Neft Fondunun öhdəlikləri artıb | Banco.az

Azərbaycan Dövlət Neft Fondunun öhdəlikləri artıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) uzunmüddətli öhdəlikləri 2016-ı il ərzində 15,7 dəfə və ya 477,559 mln. manat artaraq bu il yanvarın 1-nə 510,026 mln. manat təşkil edib. 

Bu barədə “PWC-Azerbaijan” MMC tərəfindən auditi aparılmış Dövlət Neft Fondunun konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.

Bu artım əsasən ötən il cəlb edilən müddətli kreditin hesabına qeydə alınıb.

Belə ki, uzunmüddətli öhdəliklərin 472,007 mln. manatını müddətli kredit, 37,776 mln. manatını zəmanət depozitləri, 243 min manatını isə digər öhdəliklər təşkil edib.

Məlumata görə, zəmanət depozitləri Tokio şəhərində yerləşən “Kirarito Ginza” ticarət kompleksi üçün icarədarlar tərəfindən ödənilmiş 19,797 mln. manat (illik - 22% artım), Seul şəhərində yerləşən “Payn Avenyu A qülləsi” kompleksi üçün ödənilmiş 16,327 mln. manat (10,5% artım) və Paris şəhərində yerləşən “SCI 8 Vandom Meydanı” kompleksi üçün ödənilmiş 1,652 mln. manat (2015-ci ildə ödəniş olmayıb) məbləğində qabaqcadan ödənişlərdən ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

Müddətli kredit yapon yeni ilə ifadə olunub. Bank kreditlərinin ödəmə tarixi 9 sentyabr 2024-cü ildir və kupon dərəcəsi illik 0,81% təşkil edir. Kredit üçün investisiya mülkiyyəti girov qoyulub.

Qeyd edək ki, 2016-ci il yanvarın 1-nə ARDNF-in uzunmüddətli öhdəlikləri 32,467 mln. manat olub. Həmin tarixə zəmanət depozitləri 30,934 mln. manat, digər öhdəliklər isə 1,533 mln. manat təşkil edib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et