Təkrarçılıq xarakterimə ziddir - Rauf Verdiyev | Banco.az

Təkrarçılıq xarakterimə ziddir - Rauf Verdiyev

Müsahibimiz: Bank BTB -in Həzi Aslanov filialının direktoru Rauf Verdiyev

Təbii ki, hər kəs geniş auditoriyaya öz keçmişi haqqında xoş sözlər demək və maraqlı məqamlar anlatmaq istər. Mövzu məktəb və tələbəlik illərindəndirsə, o qədər də düşünməyə dəyməz məncə... Bəhs etdiyimiz zaman kəsiyi bir vətəndaş, şəxsiyyət və fərd kimi formalaşdığım dövrlərdir.  Məktəb illərim ailəmlə birgə Mingəçevir şəhərində yaşadığım  vaxta  təsadüf edir .

Məni digər sinif yoldaşlarımdan fərqləndirən cəhət araşdırmaçılıq  qabiliyyətimin  daha üstün olması  və təqlidi sevməmək idi. 

Bu gün də təkrarçılıq xarakterimlə ziddiyyət yaradır. Tələbəlik isə doğma Bakımızla bağlıdır. Bəziləri kimi bu illər mənim üçün də enişli-yoxuşlu olub.  Konkret və inadkar  addımlar məni böyük  şəhərin kiçik sakini olmaq statusundan həmişə uzaqlaşdırıb. 

 Ömrün hər anı öz məqamında gözəldir. Yetər ki, düzgün seçilmiş hədəf, risk etmə bacarığı və  inadkarlıq olsun... 

İlk xırda biznesimin mənfəətini gördüyüm gündən pul qazanmaq, ehtiyacları  qarşılamaq və maddi asılılıqdan az da olsa uzaqlaşmaq məndə  maliyyə sahəsinə maraq yaradıb. İlk öncə onu qeyd edim ki, bank sahəsi xidmət sektoruna aiddir. İnsanlarla ünsiyyətdən zövq almaq prinsipimi də bura əlavə etsək seçilmiş istiqamət bəlli olur. Müstəqil Azərbaycanımızın bank sektorunda korporativ mədəniyyət və biznes etikasının yüksək olması mənim diqqətimi cəlb elədi.

Maraqlı bir haşiyə çıxım.. .Uşaqlıqdan arzum idi ki, elə bir peşəyə sahib olum ki, həmişə ciddi və klassik üslubda  geyim tərzində olum.

Çox maraqlıdır ki, bu gün işlədiyim sahənin dress-kodu məhz mənim arzuladığım tərzdədir. Bilmirəm bu təsadüfdür, yoxsa məqsədli şəkildə arzuların reallaşmasıdırmı?

Maddiyyata ehtiyac duyduğum zamandan ailəmin dəstəyini həmişə hiss etmişəm.  İlk müstəqil qazancım  məktəb illərindən başlayıb. 10-11- ci sinifdə oxuyarkən dərs çalışmaları, məşğələlərlə yanaşı həvəskar fotoqraflıqla  da məşğul olmuşam.

      Hər şey təsadüfən oldu. Çox primitiv bir fotoaparatım var idi. Evdəkilərlə yanaşı  qonşuların da şəklini çəkər, onlara hədiyyə edərdim. Sonralar şəkil çəkdirənlərin sayı çoxaldıqca hər kəs üçün şəkil çıxartdırmaq  maliyyə vəsaiti tələb edirdi. Belə olduqda qonşular və tanışlar mənə pul təklif etdilər. Bu artıq xırda biznesin başlanğıcı idi....

      Çox yaxın dostumla birgə həvəskar fotoqraf  işləməyə başladım.  Sinif yoldaşlarımın, ali məktəb tələbələrinin, baxça uşaqlarının  və pedaqoji kollektivin şəkillərini çəkib satış edirdik.  Hətta kollektiv sifarişlər də olurdu. Mingəçevirdə  şəkil çap edəcək texnika olmadığından Gəncə şəhərinə  gedir, saatlarla növbə gözləməli olurduq. İlk qazancım və maliyyə uğurum beləcə başladı...

       Sonralar  fotoprinter  şəhərimizə gətirildi  və  bu işlə məşğul olanların sayı çoxaldı.  O illərdə mən ali məktəbə daxil oldum  və bu  kiçik biznesimdən uzaqlaşmalı oldum...

Həyatımda  dönüş yaradacaq məqamlardan biri  Bakıda kiçik bizneslə məşğul olduğum dövrdə baş vermişdi. Mənimlə rəqabətdə olan digər obyektin sahibi məndən  daha çox işində peşəkar olmasına baxmayaraq mənimlə rəqabət apara bilmirdi və bir gün mənə : “Sən insanlarla ünsiyyət quraraq onları idarə edə bilirsən” -dedi. O andan sonra hiss elədim ki, insanlarla işləmək mənə zövq verir.

   Əgər soruşsanız ki, karyeramda dönüş yaradacaq insan kim olmuşdur, deyərdim ki, nəinki karyeramda, hətta həyatımda dönüş yaradacaq insan hal-hazırda işlədiyim Bankda İdarə Heyəti Sədrinin Müavini olan Rüfət Abbasovdur.

Əvvəlki iş yerimdə olduğu kimi indi də mən o insanla eyni  komandada olmağımla fəxr edirəm.

Bank sahəsi mənim üçün çox maraqlı bir sahədir. Həmçinin öz ixtisasıma uyğundur.

        Bu sahədə işləməyi qərara aldıqda  hamı kimi məndə CV formalarını banklara təqdim etdim. İlk öncə heç bir reaksiya olmurdu.  Bəzən məyusluq halı da məndən yan keçmirdi. Hətta  bir dəfə bankların birinə o qədər CV forması göndərmişdim ki, həmin bankdan  zəng edib demişdilər : “ Biz sizin CV formanızı  almışıq və təkrar göndərməyə ehtiyac yoxdur.”

      Buna baxmayaraq işi şansa buraxmaq istəmir, inadkarlıq göstərir, həvəsdən düşmürdüm. Beləliklə, ölkənin aparıcı banklarından biri məni mikrokreditlər bölməsinin kiçik mütəxəssisi vəzifəsinə işə götürdü. Bu işimə olan sevgini artırdı  və məni böyük hədəfə aparan ilk təkan oldu.  Növbədə yeni biliklər əldə edib, sonra öz bacarığımla  bunu praktikaya tətbiq etmək səriştəsi tələb olunurdu...

        Mən işimi sevir və  bu gün də  müştərilərlə işləməkdən müsbət enerji alıram .

Boş vaxtlarımda bədii ədəbiyyat oxuyuram, lakin professional ədəbiyyat mənim üçün çox fərqlidir.  Özünüinkişaf  motivli və tanınmış insanların avtobioqrafiyasından bəhs edən kitablar diqqətimi daha çox cəlb edir. Professional ədəbiyyat mənə daxilimdə olanı görməyə köməklik edir. Həmçinin  bu  ədəbiyyatın  sayəsində  mən indi özümü tanıyır, kim olduğumu və ya kim ola biləcəyimi bilirəm.

        İnsanlıq və bəşəri ideyalar təbliğ edən, məndə maraqlı təəssürat yaradan, idarəetmə və biznes adamının stolüstü kitabı sayıla bilən  Deyl Karneginin 3 hissəli psixoloji  tövsiyələr toplusunu çox bəyənir və hər bir iş adamı üçün tövsiyə edərdim.  Bundan başqa Ronda Bern “Sirr”, Napaleon Hill “Düşün və varlan”, Robert Kiosaki “Varlı ata kasıb ata”,  Brayn Teressi “Uğurun 100 Qanunu”, Valter Ayzeksonun “ Benjamin Franklinin avtobioqrafiyası” və “Stiv Cobsun  avtobioqrafiyası”, Corc Klasonun “Babil şəhərinin varlı adamı”, Cefri Fox “Necə böyük rəhbər olmalı”, Derin Corcun “Bu qələmi mənə sata bilərsənmi”, Robin Şarmanın “Ferrarisini satmış rahib” və s. adlarını sadaladığım  bu kitabları  isə xüsusi vurğulayardım. Tövsiyə edərdim ki,  biznesmen və ya işgüzar adamlar sözügedən kitablardakı bəzi məlumatlar haqqında daha aydın təsəvvürə malik olmaq üçün həmin faktları Google-un şəkil bölümü vasitəsilə axtarsınlar. Bu halda həmin məlumatlar daha aydın və yadda qalan olacaq.

     Bunlarla yanaşı  satış mövzusuna aid olan kitabları  da  oxumaqdan yan keçmirəm.

          Filmlərə gəldikdə isə yadıma düşənlərdən  əlbəttə ki, ilk növbədə “Up in the air”, “Pirates of Silicon Valley”, “Boiler room”, “Inside job”, “The company men”, “The Devil Wears Prada”, “The good company”, “Margin call”, “The social network”, “Lie to me”  kimi filimlərin adını çəkə bilərəm.   

Əslində çətin məqamlarda özünü və işçiləri motivasiya etmək üçün hər hansı hazır düstur və ya formula olmur. Yaranmış vəziyyətdən asılı olaraq çətin məqamı təhlil edirik.

    Rəhbər olaraq çalışıram ki, baş verən hadisələri sakit və soyuqqanlı şəkildə qarşılayım. Əgər soyuqqanlı olmasaq, bizdə yaranan təşviş mənfi emosiya şəklində işçilərə ötürülür və işçilər demotivasiya olunur. Onları yenidən əvvəlki duruma qaytarmağa cəhd edəndə isə gecikə bilərik. Ona görə də çətin məqam yaranan kimi baş verənləri nəzarətdə saxlamaq lazımdır.

       İşçilərlə müşavirələr edir, onları dinləyirəm, müzakirələr edirik və “beyin fırtınası” yaradırıq. Zənnimcə ən yaxşı qərarlar “beyin fırtınası” nəticəsində verilən qərarlardır.

    İşçilər üçün  həmişə hədəf  seçirəm. Hədəfi olmayan işçi məhsuldar ola bilməz.  Motivasiya edən zaman isə onlara hədəflərinə  necə  çata biləcəklərini  vizual olaraq əvvəlcədən göstərir və inandırıram, təcrübələrimi paylaşaraq  istiqamət verir, onlara dəstək oluram.

  Gündəlik işimi “təcilidir” və “vacibdir”  prinsipləri üzərində quraraq, əsas olanlar haqqında operativ qərarlar verməyə çalışıram. Hər səhər satış komandam ilə qısa müşavirə keçirirəm. Gündəlik satışı təşkil edib və icra olunmasına nəzarət edirəm. Filial rəhbəri kimi kredit komitələrini aparıram. Kredit portfelinin keyfiyyətinə,  artım tempinə və təqib prosesinə nəzarət edirəm. Filialın əmanət porfelinin artırılması istiqamətində işlər  görürəm. Baş idarəyə strateji plana uyğun olaraq gündəlik lazım olan maliyyə hesabatlarının göndərilməsini təmin edir, filialda yeni kadrların  hazırlanması prosesinə nəzarət edirəm. Əməkdaşlarımızın bilik və təcrübələrinin artırılması məqsədilə onlarla daimi treninqlər keçiririk.

   Karyeramın başlanğıcında şəxsi həyatla işim arasında balans yaratmaqda çətinlik çəkirdim. Bəzən işdəki zehni əmək məni çox yorurdu. Bu isə ailəmin  zövq formalaşdıracaq mədəni istirahətlə bağlı problemlərini kölgələyirdi. Buna baxmayaraq ailəmin dəstəyini həmişə hiss eləmişəm. Heç vaxt iş saatından  sonra işləməyimə görə narazılıqlarla  qarşılaşmamışam. Lakin, ailəni də unutmamalı, istirahətə və əlbəttə ki,  sağlamlığa  da  fikir vermək lazımdır. Bunlar olmadan uğur qazanmaq olmaz. Əslində ailədən stimul olmasa  rahat bir iş saatına malik ola bilmərəm. Dinamik iş rejimindən  sonra evdə işlə bağlı düşündüklərim olsa da, bacardığım qədər biruzə verməməyə çalışıram. Bu isə artıq zəruri olan  balansın tənzimləyə bildiyimin göstəricisidir.

     Cəmiyyətimizdə yetərincə yüksək intellektual səviyyəli gənclər olmasına baxmayaraq, iş həyatında məsuliyyətsiz ola biləcək kadrlardan çox narahatam. Gənclər işlərinə daha ciddi yanaşmalı, peşəkar  və yaradıcı olmalıdırlar. Hər biri “öyrədənlərin öyrədəni” olmaq prinsipi ilə günbəgün təcrübələrini artırmağa cəhd etməlidirlər. 

        Hərdən insanlar elə bilir ki, yaradıcı olmaq yalnız  yazıçı, rəssam, bəstəkar və s. olmaq deməkdir. Əslində isə hər bir insan öz işinə və biznesinə yaradıcı yanaşa bilər. Bu isə öz növbəsində işə həvəs və məhəbbət yaradır. Son nəticədə isə uğur qazanılır.

   Tövsiyə edərdim ki, yetişməkdə olan gənc nəsil  tələbəlik vaxtlarından karyera planlaması ilə məşğul olsun, xarici dil öyrənsinlər. Əgər bir xarici dil bilirlərsə , ikincini öyrənsinlər. Həftədə ən azı bir dəfə “conversation club”-lara getsinlər. Əlavə tədris mərkəzlərində biliklərini artırsınlar. Zamanın idarə edilməsi və şəxsi effektivlik  seminarlarında iştirak etsinlər. Seminarlar üçün respublikamıza  xaricdən gələn mütəxəssisləri izləsinlər və onların dinləyiciləri olsunlar. Təhsil və biliklərinə vəsait yatırmaqdan əsla çəkinməsinlər.  Bununla bərabər təcrübə toplasınlar, təcrübəçi kimi müəssisələrə baş çəksinlər, iş istəsinlər.  Daha da korporativləşsinlər,  subordinasiya saxlamağı öyrənsinlər və şəxsi effektivliyi artırsınlar.  Burada Robin Şarmanın bir sözü yadıma düşür:

“Orta statistik yaşayışı olan insanlardan daha çox qazanmaq istəyirsinizsə, orta statistik işləyən insanlardan daha çox işləməlisiniz.”

Əslində mütaliə baxımından yenə təkrar edirəm: Gənclər professional ədəbiyyata üstünlük versələr daha çox müsbət nəticə qazanmaq olar.  Bütün  bu tip ədəbiyyatlara diqqət versək, sonda onların hamısının insanlara eyni nəticəni verəcəyinin şahidi ola bilərik.

     Professional ədəbiyyat nümunəsi  insanları  həmişə pozitiv mühitdə və sabit bir mənəvi atmosferdə  saxlayaraq onun inkişafına köməklik edir. Bu dediklərimi təcrübi olaraq sınaqdan keçirmək üçün bir A4 vərəqi qədər öz  bilik və bacarıqlarınız barədə  esse yazın, sonra 10 profesional ədəbiyyat oxuyun. 10-cu kitabdan sonra yenidən öz bilik və bacarıqlarınız barədə 2-ci esseni yazın. Öncə yazdığınızla sonrakı arasındakı düşüncə fərqini aydın olaraq özünüz görəcəksiniz.

Bank işçisi olmaq istəyənin şəxsi keyfiyyətləri yüksək, nəzəri  və elmi bilikləri qənaətbəxş olarsa onu bankir kimi formalaşdırmaq asandır. Şəxsi keyfiyyət deyəndə: dürüstlüyü, səmimiliyi, məsuliyyətliliyi, nizam intizamı, intellektual səviyyəni nəzərdə tuturam. Sadalanan fikirlərdən başqa iş adamı və ya bank sektorunda işləmək  istəyənlərdə analitik düşünmə qabiliyyəti və yaradıcılıq xüsusiyyətlərinin olması müsbət hal kimi dəyərləndirilir.

   Ətrafınıza  diqqətlə baxın.  İnsanlarda yüksək mənəvi dəyər kimi qiymətləndirilən, lakin az rast gəlinən bir xüsusiyyət görəcəksiniz. Bu  punktuallıqdır.

Punktual olun. Bu, uğur qazanmaq üçün çox vacibdir və eləcə də nizam-intizam göstəricisidir. Həmçinin, başqalarına qarşı hörmət əlamətidir. Onsuz  ən ağıllı adam belə bir qədər xoşagəlməz təsir bağışlayır. Baxın, görün peşəsindən asılı olmayaraq elə bir insan varmı ki, nizam- intizamlıdır, lakin uğur qazana bilmir.

Banco.az portalı  bank sektoru haqqında informasiyanın  genişlənməsinə xidmət edir və oxucularına bu sahədə çalışan insanlar haqqında maraqlı, həm də fərqli məlumatlar verir. Bu səbəbdən də digər informasiya mənbələrindən seçilir. Bu portalda orijinallığın əsas prinsip olması müsahiblərdən sezilir.

Banco.az-a nail olduğu fərqliliyi qorumağı və daha da böyük uğurlar qazanmağı diləyirəm. Maraqlı suallara əsaslanan müsahibə üçün sizə təşəkkür edirəm. 

Ən sərfəli krediti almaq üçün müraciət et