Missiyamız daha çox insana kredit verib,daha çox gəlir əldə etmək deyil...daha çox kredit verib, daha çox adama kömək etməkdir | Banco.az

Missiyamız daha çox insana kredit verib,daha çox gəlir əldə etmək deyil...daha çox kredit verib, daha çox adama kömək etməkdir

OVER-Time-ın müsahibi “FINCA Azerbaijan”ın Marketinq Departmentinin meneceri ZAUR NURMƏMMƏDOV-dur.

 

 

2 il paytaxtda aldığım təhsilin iş həyatıma çox önəmli təsiri olub...

9 il Ağsu rayonu Rəhimli kəndində aldığım təhsildən sonra 2 il paytaxtda Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsilimi davam etdirmişəm. Bu 2 il liseydə aldığım təhsil bazası və qazandığım həyat təcrübəsi mənim həm karyera, həm təhsil, həm də həyat məktəbimdə çox uğurlu mərhələ oldu. Paytaxtda təhsilimi davam etdirməyimdə atamın rolu böyükdür. Daha sonra 1995-ci ildə təhsilimi davam etdirmək üçün bir neçə qəbul imtahanında iştirak etdim və 3 fərqli ali məktəbə qəbul oldum. Seçimimi Türkiyə üzərində saxladım və İzmir şəhərində Ege universitetində informasiya texnologiyaları sahəsində təhsil aldım.Təhsildən sonra 7 il iki beynəlxalq humanitar təşkilatda çalışdım. İlk iş yerim kimi bu iki təşkilatın mənim həyatımda çox mühüm rolu var.Həmin təşkilatların həyatımdakı əhəmiyyətindən biri də odur ki, mən tam 7 il həyat yoldaşımla eyni yerdə işləyirdim və hər zaman onun dəstəyini hiss edirdim. Orada çalışdığım zaman həddindən artıq çox insanla ünsiyyətdə oldum. İT sahəsindən çıxıb, insanlarla işləməyə yönəldim. Anladım ki mənim işim kompüterin arxasında deyil..insanlarla işləmək daha maraqlı idı və mənə çox şey qazandırdı. Elə FINCAda ilk vəzifəmi keyfiyyətlə yerinə yetirməyimdə yardımçı oldu. 2005-ci ildən FINCA da xüsusi layihələr üzrə koordinator kimi fəaliyyətə başladım, 2009-cu ildən İnzibati Departamentin Meneceri,  2010-cu ilin sentyabr ayından isə Marketinq Departamentinin Meneceri təyin edilmişəm. Artıq 8-ci il yekunlaşmaq üzrədir ki mən FINCAdayam.

Məni İT sahəsindən insanlarla ünsiyyətə yönləndirən şəxsə ömür boyu minnətdar olacam...

Ötən 10 ildə mənim həyatımda bir neçə dönüş nöqtəsi olub.Əvvəla  ilk iş yerim olan “CARE İnternational”da məni belə desək, kompüter arxasından qoparıb, insanlarla ünsiyyətə, insanlarla işləməyə yönləndirən şəxs - hansı ki o bu təklifi mənə etməsəydi, bəlkə mən bugün də İT sahəsində qalacaqdım. Sırf marketinq sahəsində çalışmağıma səbəb isə FINCAda ilk direktorum olan şəxsin mənə verdiyi məsləhət idi. Onun ”əməliyyat şöbəsində sən rahatlıqla işləyə bilərsən, lakin əminəm ki, sən baş ofisdə yaradılacaq yeni şöbələrdə və həmçinin marketinq sahəsində və digər yaradıcı sahələrdə təşkilat üçün daha faydalı ola bilərsən”-sözləri mənim marketinq sahəsini seçməyimə stimul oldu.Bu iki hadisəni həyatımın dönüş nöqtəsi hesab edə bilirəm.
 


   Bu sahəni tamamilə təsadüf nəticəsində seçmişəm...

   1995- ci ildə, yəni mənim ali təhsil seçimi etdiyim vaxt bank sistemi elə də inkişaf etmiş sahə deyildi. Ali təhsil seçimində bank mənimçün məqsəd olmayıb.Bu sahə tamamilə təsadüf nəticəsində seçilib.7 il humanitar sahədə insanlarla çalışmağım marketinq    sahəsində işləməyimə səbəb oldu.İnsanlarla ünsiyyət mənimçün çox önəmliydi. Hər zaman yenilik axtaran, hər zaman yeniləşən, dəyişən, inkişafda olan bir iş sahəsinə üstünlük vermişəm və marketinq şöbəsində çalışmağı bu sahənin daim inkişaf tələb etdiyinə, daim  yenilənmə tələb etdiyinə görə seçmişəm.

 missiyamız daha çox insana kredit verib,daha çox gəlir əldə etmək deyil...daha çox kredit verib, daha çox adama kömək  etməkdir

 FINCA Azerbaijan 22 ölkədə öz xüsusi missiyasına sadiq qalaraq fəaliyyət göstərən FINCA İnternational-ın Azərbaycandakı  nümayəndəliyidir. Biz bu təşkilatı digər kommersiya banklarıyla müqayisə etsək yanılmış olarıq."FINCA Azerbaijan" az gəlirli və kreditə  asanlıqla çıxışı olmayan insanlara əlverişli şərtlərlə kreditlər ayıraraq onların həyat standartlarının yaxşılaşdırmasına doğru ilk addımları atmaqda köməkliyi özünə missiya olaraq qəbul etmiş və qeyri-bank kredit təşkilatı status ilə fəaliyyət göstərən bir qurumdur. Bizim məqsədimiz daha çox insana kredit verib, daha çox gəlir əldə etmək deyil, daha çox kredit verib daha çox adama kömək etməkdir.

FINCA bölgələrdə kredit mədəniyyətini, kreditə baxışı aşılayan kredit təşkilatlarından biri olub...

Marketinq şöbəsi olaraq bizim müəyyən öhdəliklərimiz var. Bu öhdəliklərdən biri sırf təşkilatın missiyasına sadiq qalmaqla iş prinsipimizi qurmaqdır.Müştərilərə sırf pul qazanacağımız obyekt kimi yox, onların özlərinin sosial-iqtisadi inkişafında köməklik göstərən şəxs kimi baxmalıyıq. Bizim işimizin çətinliyi bundadır. Missiyamıza əməl etməklə işimizi qurmaq.Heç də hamı FINCAda bu məqsədlə işə başlamır, amma FINCAda işlədikcə mühitin fərqli olduğunu görürlər. FINCA 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Biz bölgələrdə kredit mədəniyyətini, kreditə baxışı aşılayan kredit təşkilatlarından biri olmuşuq. Bugün artıq əminliklə deyə bilirik ki, nəinki paytaxtda, hətta bölgələrdə kredit mədəniyyəti formalaşıb.İnsanların 15 il bundan əvvəl kredit almaq barədə olan fikirləri tamamilə dəyişib.

Kollektiv elə bir komanda işi yaratmalıdır ki, eyni hissiyatı müştərilərə də çatdıra bilsin

Müştərilərlə dostyana münasibət qurmalısan, bu da daxili birlikdən irəli gəlir. kollektiv özü daxildə elə bir komanda işi yaratmalıdır ki, eyni hissiyatı da müştərilərə çatdıra bilsin. Bu bizim qarşımızda dayanan və nail ola bildiyimiz məqsədlərdən biridir. FINCA olaraq müxtəlif təlimlər keçiririk, konfranslarda iştirak edirik və iş prinsipimizi bütün işçilərimizə çatdırırıq.

FINCA qlobal səviyyədə öz işçilərinin inkişafı baxımından da çoxlu işlər görür..

Bəzi sahələrdə mütəxəssis çatızmazlıqlarının olduğunu bilirik.Bu həmçinin bank sahəsində də müşahidə olunur.Bu çətinliyin qarşısını almaq üçün biz FINCA olaraq gənc kredit işçilərinin inkişafı proqramını həyata keçiririk. Bu proqram 2 ildən artıqdır ki fəaliyyətdədir. Biz daha sadə tələblərlə işçi qəbulu həyata keçiririk, 2 aylıq xüsusi bir proqramdan sonra isə imtahan nəticəsində bizimlə fəaliyyətini davam etdirəcək şəxsləri seçirik. Bundan başqa FINCA qlobal səviyyədə işçilərinin inkişafı baxımından da çoxlu işlər görür - təlimlər, kurslar təşkil edirik ki, bu ən çox özünü kredit mütəxəssislərinin və əməliyyat sahəsində rəhbər şəxslərin yetişdirilməsi sahəsində doğruldub.

FINCA mikromaliyyə sahəsində aktiv müştərilərə görə birinci yerdədir.

FINCA Azerbaijan bugün ölkədə bank və bank olmayan təşkilatlar arasında fəaliyyət ərazisinin böyüklüyünə görə üçüncü yerdədir. Ölkədə təşkilatın 65-dən artıq filial və şöbəsi fəaliyyət göstərir. Missiyalarımızdan biri daha çox şəxslərlə işləmək və daha çox ərazini əhatə etməkdir ki, biz bunu yerinə yetirmişik. Bundan başqa 150 minə yaxın müştərisiylə Mikro kreditlər sahəsində aktiv müştərilərə görə FINCA birinci yerdədir.

işə götürülən hər bir əməkdaşımız bilir ki, buradakı idarəetmə tamamilə fərqlidir, və o rəhbərdən asılı işçi deyil

Biri var müəyyən olunmuş proqram əsasında çalışasan və biri də var ki öz işini özün yaradasan, bu əsas prinsipdi. Bir marketoloq sırf qarşısına qoyduğu bir proqram əsasında işləmir, o bilir ki, hansı işi görməlidi.Bunun üçün yaradıcı olmalıdır. Bundan başqa idarəetmə prinsipi daha fərqlidir - işə götürülən hər bir əməkdaşımız bilir ki, buradakı idarəetmə tamamilə fərqlidir və o rəhbərdən asılı deyil, işinin sahibidir. Bu işin keyfiyyətinin yüksək olmasına xidmət göstərir. Nəzarət mexanizminin çox kəskin olmaması ümumilikdə daha strateji düşüncəyə yol açır, nəzarətin kəskin olması isə işçinin düşüncə sferasını məhdudlaşdırır, daha geniş düşünməyə imkan vermir.Bu idarəetmə prinsipi bizə çox kömək göstərir.İnsanlar daha sərbəst işləməyə başladığı zaman daha fərqli və faydalı düşünür və fəaliyyət göstərirlər.

Azərbaycanda yeni sahə olduğundan ixtisaslı kadr cəhətdən müəyyən dərəcədə çətinliklər var..

Marketinq sahəsi respublikamızda yeni qurulan sahə olduğundan ixtisaslı kadr sahəsində müəyyən çətinliklər var.Bu sahədə müəyyən dövlət proqramları işlənib reallaşsa daha effektiv olar. Banklar bu sahədə öhdələrinə düşəni yerinə yetirirlər.Kadrların yetişdirilməsi bank daxilində gedir və yüksək postlara elə bankın öz işçiləri seçilir. Marketinq sahəsində sırf material sahəsində çətinliklər mövcuddur. Keyfiyyətli promo materiallar respublikaya xaricdən idxal olunur. Eləcə də araşdırma şirkətləri bazarında müəyyən dərəcədə boşluq var. Mən ümid edirəm ki, bu sahədə yaxın gələcəkdə xidmətin səviyyəsi yüksələcək.

insanlar özlərində seçdiyi və işlədiyi sahədən asılı olmayaraq cavabdehlik hissini inkişaf etdirməlidirlər

FINCAdan əvvəlki iş yerimdə Kolarado universitetindən gələn bizə təlim keçən 2 professor var idi. O şəxslərin əvvəldən sona  qədər dedikləri bir sözü xatırlayıram: insanlar özlərində seçdiyi və işlədiyi sahədən asılı olmayaraq cavabdehlik hissini inkişaf etdirməlidirlər. Bütün iş axtaranlar və işləyənlər, fərqi yoxdur, cavabdehlik və məsuliyyət hissi kifayət qədər yüksək olarsa artıq karyerada irəliləmək üçün texniki detallar lazım olacaq. Burda bilik və bacarıqlar da rol oynayır, amma bu iki hissə olmadıqdan sonra biliyin və bacarığın heç bir əhəmiyyəti qalmır. Bir təşkilatda irəliləyən şəxslər o şəxslərdir ki, təşkilatın məsuliyyətini , inkişafını çiyinlərində hiss etsinlər. İşlədiyin yeri sahiblənməlisən, tam olaraq sahiblənməlisən. Sadəcə mənim işim budur, bunu edirəmsə demək mən işimi yaxşı yerinə yetirirəm deməklə kifayətlənmək lazım deyil.İş həyatında, təhsil həyatında bunu unutmaq lazım deyil.

Banco.az portalının yeni yaradıldığını söylədiyinizdə mənə bir qədər qəribə gəldi, çünki kifayət qədər peşəkarlıq ilə hazırlanıb

Sizin portal ilə tanışlığım müsahibə təklifindən sonra olub. Portalın yeni yaradıldığını söylədiyinizdə mənə bir qədər qəribə gəldi, çünki kifayət qədər peşəkarlıq ilə hazırlanmışdır və mənə yeni yaranmış təəssüratı verməmişdi. Faktdır ki, keyfiyyətli və faydalı məlumat ilə oxuyuculara xidmət göstərən portalların sayı çox deyil. Sizin də hər zaman bu yüksək kateroqiyada qalmağınızı arzu edirəm. Həmçinin, yeni yaradılmış bölmədə müsahibə dəvəti üçün xüsusi təşəkkür edirəm.

 

Müsahibəni götürdü: Nərminə Məmmədova

Fotoqraf: Qumru Mustafayeva

www.Banco.az

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et