Müsahibimiz: ARK Business Solutions şirkətinin rəhbəri Xəyal Məmmədxanlı
Xəyal müəllim, söhbət sığorta sektorundan düşəndə, Sizi ən güclü ekspert kimi qeyd edirlər. Bu nüfuzu necə qazanmısınız?
Bilirsinizmi, bütün uğurların və nüfuzun arxasında gərgin iş həyatı, zəhmət və zəngin təcrübə dayanır. Mən universiteti bitirəndə sığorta sektoruna gələcəyim və bu sektorda ad qazanacağım heç ağlımdan keçmirdi. İş həyatına atılmaq, pul qazanmaq üçün sığorta şirkətlərindən birində işə başladıqdan sonra get-gedə sığorta məni daha da çox cəlb etməyə başladı. Məni bu sektora cəlb edən mütərəqqi rəhbərim 1 ilin içərsində qarşıma çox ciddi hədəflər qoydu və bunun üçün şərait yaratdı. Təsəvvür edin ki, 3 ayın içərisində London Sığorta İnstitutunun Sertifikat proqramını uğurla bitirməli idim, eyni zamanda Londonda bir sığorta hüquq şirkətində təcrübə keçməli idim. Çətin də olsa mən bu missiyanı çox uğurla tamamladım və şadam ki, Azərbaycanda beynəlxalq sertifikatlı ilk sığortaçılardan biri oldum. 2 ildən az bir müddət ərzində 3 dəfə vəzifəm dəyişdi və 2002 ci ildə hələ o zaman 24 yaşım tamam olmadan Azərbaycanın ən böyük sığorta şirkətini qurmaq, eyni zamanda Sığortaçılar Birliyinə rəhbərlik etmək missiyası mənə tapşırıldı və bu sınaqlardan da uğurla çıxdım. Təbii ki, gərgin idarəçiliklə yanaşı təhsilimi davam etdirdim və 2005 ci ildə London Sığorta İnstitutunun Diplomunu əldə etdim. Ona görə hesab edirəm ki, insanın öz üzərində dayanmadan çalışması ən başlıca uğur amilidir.
Neçə ildir ki, bu sahədəsiniz, bizə bir az təcrübəniz haqqında danışa bilərsiniz?
Artıq 14 cü ildir ki, Sığorta sahəsindəyəm. Bu 14 ilin 11 ili bilavasitə müxtəlif sığorta şirkətlərini yaratmaq və rəhbərlik etməklə keçib. Son 3 ili isə fərqli sektorlarda işləsəm də sığorta məsləhətçisi və təlimçisi kimi fəaliyyətimi davam etdirmişəm. 2000 ci ildə faəliyyətimə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas kimi başladım, eyni zamanda ARDNŞ (SOCAR) də risklərin idarə edilməsi üzrə mütəxəssis kimi çalışdım. Daha sonra Hüquq və zərərlər departamentinin rəhbəri təyin olunsam da 2002 ci ildə Beynəlxalq Sığorta Şirkətinə İdarə heyətinin sədri təyin edildim və 2006 cı ilə qədər rəhbərlik etdim. 2006 cı ildən 2009 cu ilə qədər AzSığorta şirkətinin və AFB Bankın rəhbərliyində çalışdım. 2010-2011 ci illərdə isə Alfa Sığorta şirkətinə rəhbərlik etdim. 2011 ci ildən sonra birbaşa heç bir sığorta şirkətində çalışmasam da, təsisçisi və rəhbəri olduğum “Consultant” Sığorta Təlim və Məsləhət mərkəzində sığorta fəaliyyətimi və araşdırmalarımı davam etdirirəm.
Bu illər ərzində sığorta bazarı necə dəyişib, yaxşıya ya pisə doğru?
Bu illər ərzində sığorta bazarı köklü surətdə dəyişib, əlbəttə ki, yaxşıya doğru. 2001 ci ilə qədər sığorta bazarında vəziyyət çox qarışıq idi. Qanunvericilik müasir tələblərə cavab vermirdi, şirkətlərin kapitalında likvidlik əmsalı 0 həddində idi, nəzarət mexanizmi düzgün qurulmamışdı, risklərin bölüşdürülməsi düzgün aparılmırdı, kadr potensialı yox həddində idi. Hətta bəzən küçədə sığorta sözü eşidəndə elə düşünürdüm ki, məndən danışırlar, çünki, bu sahədə peşəkar karyera quran insanlar çox az idi.
İndi isə bu problemlər demək olar ki, qalmayıb. Sığorta bazarının inkişafı istiqamətində Maliyyə Nazirliyinin apardığı islahatlar öz nəticələrini verməkdədir. Hər ötən il sığorta şirkətlərinin və onların əməkdaşlarının peşəkarlıq səviyyəsi artır, bazar böyüyür, insanların sığortaya münasibəti dəyişir.
Sığorta sektorunun inkişafı üçün başlıca əngəllər hansılardır? Ya sualımızı başqa cür qoysaq, hansı addımların atılması zəruridir ki, bazarın inkişafı daha sürətli olsun.
Bu gün sığorta bazarının inkişafı üçün bütün zəruri amillər mövcuddur. Qanunvericilikdə demək olar ki, daha öncə mövcud olan boşluqlar götürülüb, sığorta şirkətlərinin öhdəliklərinə təsir göstərə biləcək normativlər yerindədir. Lakin, bir neçə amil var ki, bunlar sığorta bazarının inkişafına mane olur və ya nüfuzuna xələl gətirir; bunlara misal olaraq sığorta ödənişlərindən əsassız imtina hallarını, müştəriləri aldatma hallarını, bəzi sığorta növlərində müəyyən sığorta şirkətlərinin inhisarçılığını, sığorta vasitəçiliyi bazarının primitiv səviyyədə qalmasını, insanlar arasında sığorta maarifçiliyi sahəsində zəif iş aparılmasını və nəhayət yeni məhsulların yaradılması sahəsində səy göstərilməməsini göstərmək olar.
Qısaca olaraq, bu il sığorta ilə bağlı qanunvericilikdə edilən dəyişiklərə münasibətinizi bildirərdiniz.
Ümumiyyətlə, son illər ərzində sığorta qanunvericiliyində xeyli dəyişikliklər edilib. Bu dəyişikliklər içərisində düzəliş, redaktə və dəqiqləşdirmə xarakterli dəyişikliklərlə yanaşı, bir çox yeniliklər də olub. İcbari sığortalar haqqında qanuna, o cümlədən İnzibati Xətalar məcəlləsinə bir sıra dəyişikliklər edilib. Bunların bir çoxu nəzarət mexaniziminin təkmilləşdirilməsi xarakteri daşısa da, onların içərisində sığortalanmamağa görə cərimələrin artırılmasını nəzərdə tutan müddəlar da olub. Hər bir halda dəyişikliklərin hamısı zərurətdən meydana gəlib və normal hesab edilməlidir.
Bizdə olan məlumata əsasən “sığorta bazarını köklü şəkildə dəyişəcək” bir məhsul üzərində işləyirsiniz. Bu haqqda demək istədikləriniz varmı?
Yeni məhsul yaratmaq sığorta bazarını hər zaman canlandıracaq addımlardandır. Və əbəs yerə mən 2 dəfə İntellekt mükafatının sahibi olmamışam. Hər 2 halda sığorta bazarında yeniliyə görə by mükafata layiq görülmüşəm. Hal-hazırda bir yox, hətta bir neçə məhsul üzərində işləyirəm və bu təklifləri müntəzəm olaraq sığorta şirkətlərinə təqdim edirəm. Amma, respublikamızda başqalarının müəlliflik hüququna hörmət mədəniyyəti hələ arzuolunan səviyyədə olmadığına görə bunların mahiyyətini yalnız məhsullar satışa çıxarıldıqdan sonra açıqlayacağam.
2015-ci ildə sığorta bazarı ilə bağlı hansı gözləntiləriniz var.
2015 ci ildə mövcud sığorta bazarında ciddi artım olacağını düşünmürəm. Hesab edirəm ki, bazarın stabilliyi davam edəcək. Avtomobillərin kasko sığortası və tibbi sığorta sahəsində şirkətlərin siyasətləri dəyişməlidir. Yeni 2 sahədə yenilik gözləyirəm ki, bunlar icbari tibbi sığortanın tətbiqi və kənd təsərrüfatında sığortanın tətbiqi məsələləridir. Əgər bunlar tətbiq olunmağa başlasa, hər 2 halda bazarda ciddi artım ola bilər.
Son olaraq, “Key to Success" adlı bir layihəyə başlamasınız, Uğurlu olsun!. Bəs, sizin üçün uğurun açarı nədir?
Bəli, təşəkkür edirəm. Bu layihə mənim Avropa.az radiosu ilə birgə həyata keçirtdiyim müəllif layihəsidir. Bildiyiniz kimi mən yeni bir şirkət təsis etmişəm. ARK Business Solutions adlanan yeni şirkətin məqsədi Azərbaycanda şirkətlərin korporativləşdirilməsi, müasirləşdirilməsi, sağlamlaşdırılması, rəqabət qabiliyyətinin yüksəldilməsi və bunların məntiqi davamı olaraq sahibkarlığın inkişafına nail olmaqdır. Həm mövcud şirkətlərə, həm də yeni başlayanlara ona yaxın sahədə məsləhət xidmətləri göstəririk. “Uğur açarı” radio layihəsinin də məqsədi vətəndaşlarımıza, xüsusilə də gənc sahibkarlarımıza biznesdə uğur qazanmağın yollarını göstərməkdir. İnşaallah yaxın gələcəkdə verilişin TV layihəsini də həyata keçirməyi planlaşdırıram.