Altay Mustafayev: "Ölkədə ən çox maaş alan hüquqşünaslardan birinə çevrildim" | Banco.az

Altay Mustafayev: "Ölkədə ən çox maaş alan hüquqşünaslardan birinə çevrildim"

Azərbaycanın ən çox qazanan vəkillərindən biri Altay Mustafayevin uğur hekayəsi

2000-ci ildə hüquq fakültəsini bitirərkən, bütün tələbə yoldaşlarım hüquq-mühafizə orqanlarında işləməyə can atdığı halda və daxili işlər orqanlarında işləmək barəsində təklif almama baxmayaraq, "Birja" qəzetində pulsuz elan yerləşdirib heç kimin tanımadığı kiçik hüquq firmasında aylıq 100 dollar maaşla işə başladım. 

Hamı, o cümlədən ailəm, məni ağılsız adlandırdı. 

Lakin tezliklə orqanlarda işləyən həmkarlarımdan daha çox pul qazanmağa başladım, hüquqşünaslığın sirrlərini öyrəndim. 

Paralel olaraq, magistraturanı bitirdim və aspiranturaya (indiki doktoranturaya) daxil oldum. 2003-cü ildə faktiki olaraq slfırdan ingilis dilini öyrənərək Amerikada magistr təhsili almaq üçün ABŞ Dövlət Departamentinin Edmund S. Muskie proqramına sənəd verdim.

2004-cü ildə həmin proqramın qalibi kimi gəlirli işimi və aspiranturanı ataraq Amerikaya oxumağa getdim. Ətrafdakılar yenə də buna görə məni ağılsız saydılar. 

Amerikadan qayıtdıqdan sonra 7 ay ərzində faktiki olaraq işsiz qaldım və məni ağılsız sayanların sayı daha da artdı. 

Sonra cəmi 26 yaşımda ikən böyük xarici şirkətin (FİNCA Azerbaycan) hüquq departamentinin rəhbəri oldum və tezliklə Amerkadan əvvəlki gəlirimdən 10 dəfə çox aylıq gəlir əldə etməyə başladım.

Çox yeni bilik və vərdişlər əldə etdim. 5 ildən sonra yerli hüquq şirkəti "Omni"-dən təklif aldım və təklifi qəbul etdikdən sonra yenə də hamı məni ağılsız adlandırdı.

Çünki maaşım eyni qalmış və FİNCA-dakı menecer/rəhbər vəzifəni "Omni"-də sıravi vəzifəyə dəyişmişdim. Lakin "Omni"-də 3 il boyunca hüquqşünas kimi əvəzolunmaz yeni təcrübə və bilik qazandım.

Bunun nəticəsi idi ki, artıq 2013-cü ildə dünya səviyyəli hüquq şirkəti olan "Baker & McKenzie"-dən "Of Counsel" vəzifəsinə təklif aldım (halbuki, eyni şirkət məni 2005-ci ildə Amerikadan dönərkən bu vəzifədən 2 pillə aşağı vəzifəyə götürməmişdi). 

Təklifi qəbul etdikdə yenə də hamı məni ağılsız hesab etməyə başladı.

Çünki Mikayıl Cabbarovun Təhsil Naziri təyin olunmasının ardından "Omni"-nin rəhbəri Ceyhun Bayramov nazir müavini təyin olunmuş və 1 partnyor yeri boşalmışdı. Həmin boş yerə əvvəlcə başqa şəxsi gətirmək istəsələr də, sonda mənə təklif edilmişdi.

Lakin mən imtina etmiş və böyük sayda işçinin tərkindən sonra faktiki olaraq pərən olmuş və gələcəyi qeyri-müəyyən olan "Baker & McKenzie"-də partnyordan 1 pillə aşağı vəzifədə işə başladım, bank-maliyyə, korporativ, vergi və kurasiyamda olan digər istiqamətləri əvvəlki illərdə olan səviyyədən də yuxarı yerlərə qaldırdın. 

Cəmi 1 il sonra orada partnyor adını qazandım, sonrakı illərdə yeni zirvələrə qalxmaqda davam etdim, ölkədə ən çox maaş alan hüquqşünaslardan birinə çevrildim. Hal-hazırda məlum təyinatdan sonra firmanın yeganə partnyoruyam və hamı mənim burada rəhbər olmağımdan danışır. Halbuki, mən hələ oktyabr ayında son iş günüm dekabrın sonu olmaqla işdən çıxma barədə ərizəmi firmanın MDB üzrə rəhbərliyinə təqdim etmişəm və son hadisələrdən sonra belə öz qərarımda israrlıyam. Seçdiyim yeni yol barədə hələlik heç nə demirəm. 

Ancaq bir şeyə əminəm ki, öyrəndikdən sonra (yaxın adamlar artıq bilir) yenə də hamı məni ağılsız adlandıracaq və mən bir müddət sonra yenə də öz işimlə onları haqsız olduqlarına inandıracağam.

Bütün bunlarla əlaqədar olaraq, öz əks reaksiyası ilə hər zaman mənə dolayısı yolla düzgün qərarlar qəbul etməkdə yardımçı olan "hamı"-ya dərin təşəkkürümü bildirirəm!:)

Ən sərfəli krediti almaq üçün müraciət et