Bankların kapital bazarında iştirakı hansı yeniliklərə səbəb olacaq? | Banco.az

Bankların kapital bazarında iştirakı hansı yeniliklərə səbəb olacaq?

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

Azərbaycan Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktor müavini Samir İsmayılov deyib ki, Azərbaycanda banklar investisiya xidmətləri göstərə biləcək. O bildirib ki, maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi üçün bankların kapital bazarında iştirakı nəzərdə tutulur. AMB rəsmisi əlavə edib ki, bankların göstərəcəyi investisiya xidmətələrinin dairəsi isə AMB İdarə Heyətinin qərarı ilə təsdiq ediləcək.

Maraqlıdır, bankların kapital bazarında iştirakı bank sektorunda hansı yeniliklərə səbəb olacaq? Mövzu ilə bağlı Banco.az-a danışan iqtisadçı millət vəkili Azər Badamov bildirib ki, bu, çox vacib məsələdir:

“Banklar Azərbaycan iqtisadiyyatının inkişafında yaxından iştirak etməlidir deyə düşünürəm. Bu mənada bankların investisiya layihələrinin iştirakçısı olması çox mühümdür. Banklar investisiya layihələrində iştirak etməklə əlavə gəlir əldə etmiş olacaq. Bununla yanaşı belə layihələrin icrası yeni iş yerlərinin açılması deməkdir ki, bu da məşğulluğun təmin edilməsinə öz töhfəsini verəcək”.

Ən sərfəli kredit üçün müraciət et

Millət vəkilinin bildirib kİ, qanunvericilikdə bununla bağlı hər hansı məhdudiyyət yoxdur:

“Bankların investisiya bazarında iştirakı hər şeydən əvvəl onların öz inkişafına da ciddi təkan vermiş olacaq. Bu qərarla bankların fəaliyyət sahəsi əhəmiyyətli səviyyədə genişlənir ki, bu da onların kapitalının artmasına öz töhfəsini verəcək. Yeni mərhələdə bank sektorunda rəqabətli mühit daha da güclənəcək. Hesab edirəm ki, banklar tikinti sektorunda iştirak edə bilər. Həmçinin sənaye sahəsində də müxtəlif layihələrin icrasına sərmayə yatırıla bilər. Təbii ki, bu, Mərkəzi Bankla razılaşdırılaraq həyata keçirilməlidir. Sərmayənin hansı sahəyə yönəldilməsi çox mühüm məsələdir”.

Ən sərfəli krediti almaq üçün müraciət et