Müəllif - Şəbnəm Mehdizadə, Banco.az
Bu günlərdə Azərbaycan Respublikası Mərkəzi Bankının faiz dəhlizinin parametrlərində dəyişikliklərə dair geniş açıqlamasında cari ilin sonuna inflyasiya proqnozu yüksəldilib. Qeyd olunub ki, illik inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib.
Maraqlıdır, ilin sonuna qədər inflyasiya ilə bağlı hansı proqnozlar gözlənilir?
Mövzu ilə bağlı Banco.az-ın suallarını iqtisadçı ekspert Ramin Rəhimov cavablandırıb. O bildirib ki, illik inflyasiya açıqlanan statistik göstəricilərdən daha yüksəkdir:
“Sentyabr ayı ərzində ərzaq məhsulları üzrə ortalama inflyasiya 80 faizdən çox olub. İnflyasiyanın növbəti dövrdə də artması qaçılmazdır. Bu qlobal səbəblərdən irəli gəlir. İdxal olunan məhsulların qiyməti, həmçinin daşınma xərcləri də artır. Digər tərəfdən Rusiya-Ukrayna müharibəsi ərəfəsində bəzi kənd təsərrüfatı məhsullarına tələbat daha da artdı. Bu isə qiymətləri daha da artırdı. Yəni ümumilikdə Azərbaycandakı mövcud inflyasiya idxal olunan inflyasiya sayılır”.
Ekspertin fikrincə, növbəti mərhələdə də inflyasiyanın artması qaçılmazdır:
“Çünki Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı verdiyi yeni qərar inflyasiyanın tənzimlənməsinə yönəldilib. Lakin yeni qərarın qısa müddətdə effektiv rol oynayacağını düşünmürəm. Çünki, monetar siyasət uzunmüddətli dövr üçün hesablanır. Biz qiymət artımlarını gündəlik olaraq müşahidə edirik. İlin sonuna doğru dollara təzyiq daha da artır. Xarici valyutaya təzyiqin artması inflyasiyanı sürtləndirən əsas amillərdən biridir. Beynəlxalq bazarlarda neftin qiymətində dalğalanmalar müşahidə edilir. Neft qiymətlərinin yüksək olması neft gəlirlərinin artması deməkdir. Artan gəlir isə özünəuyğun inflyasiya formalaşdırır. Digər tərəfdən dövriyəyə buraxılan pul kütləsi real gəlirləri üstələyir. Bizdə inflyasiyanı sürətləndirən əsas səbəblərdən biri məhz budur. Bütün bunları nəzərə alsaq ilin sonuna qədər inflyasiyanın 14-16 faiz aralığında olması gözlənilir”.
Bizi sosial şəbəkələrdən izləyin!!