Müəllif - Aida İsaq, Banco.az
Rusiya şirkətləri oktyabrda neft hasilatını artıra bilməyib.
Rusiya neftinin dəniz və boru kəmərləri ilə ixracı 2% azalaraq sutkada 640 min tona düşüb. Banco.az xəbər verir ki, bu tendensiya artıq ikinci aydır ki, müşahidə olunur. Aprel-avqust aylarında Rusiya mart ayındakı durğunluqdan sonra hasilatı artırmağa nail olmuşdu.
Noyabrda “Saxalin-1” layihəsi sayəsində hasilatın artacağı gözlənilir. Xatırladaq ki, sözügedən layihə may ayında "ExxonMobil"in daşımalardan imtina etməsi səbəbindən dayandırılmışdı. Oktyabr ayında şirkət layihədən geri çəkildi. Lakin yenidən işə salındıqdan sonra hasilat gözlənilən nəticələrin yarısını belə qarşılamadı.
Rusiya üçün OPEC+ neft hasilatı kvotası sutkada 10,5 milyon barel təşkil edir. Hazırda oktyabrda kondensat da daxil olmaqla 10,7 milyon barel hasil edilir. Hasilatın 10,7 milyon barel olduğu sentyabr ayında kondensat təxminən 8% təşkil edib, yəni birbaşa olaraq gündəlik 10 milyon bareldən az neft hasil edilib.
Ekspert Maksim Malkov neft embarqosu qüvvəyə minənə qədər neft hasilatının əvvəlki səviyyədə qalacağını proqnozlaşdırır. Növbəti mərhələdə tələbin kəskin azalacağını və problemin həll olması üçün daha uzun zamana ehtiyac olacağını bildirib. Hindistan neftayırma zavodları ikinci dərəcəli məhdudlaşdırıcı tədbirlərdən qorxaraq artıq satın almaqdan imtina edirlər.
"Kasatkin Consulting"in tərəfdaşı Dmitri Kasatkin dekabrda hasilatın doqquz faiz azalaraq gündə 1,3 milyon tona düşəcəyini güman edir. Sanksiyalar nəticəsində meydana çıxan texnologiya çatışmazlığı istehsalın maya dəyəri baxımından bahalaşmasına səbəb olur. Beləliklə ixracdan gələn gəlir aşağı düşür.
Daha əvvəl Beynəlxalq Enerji Agentliyi öz proqnozunda qeyd etmişdi ki, gələcəkdə Rusiyadan neft və qaz tədarükünün həcmi 2021-ci il səviyyəsinə qayıtmayacaq, onların dünya bazarında payı azalacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!