Neft və qaz nəhənglərinin gəlirləri iki dəfə artacaq | Banco.az

Neft və qaz nəhənglərinin gəlirləri iki dəfə artacaq

Müəllif - Aida İsaq, Banco.az

Beynəlxalq Enerji Agentliyi (IEA) yeni illik hesabatında 2022-ci ildə dünyanın neft və qaz hasilatından əldə etdiyi xalis gəlirin rekord həddə 4 trilyon dollara çatacağını proqnozlaşdırır. 

Banco.az xəbər verir ki, bu, neft-qaz nəhənglərinin ötənilki gəlirindən iki dəfə çoxdur.

Gəlirlərin artması dünyada enerji resurslarının maya dəyərinin kəskin artması hesabına mümkün olmuşdur. Neft və qaz şirkətləri və hökumətlər bu əlavə gəliri hidrogen və bioyanacaq kimi aşağı emissiyalı enerji mənbələrinə yatırsalar, bu, onilliyin sonuna qədər bu yanacaqların inkişafı üçün bütün maliyyə ehtiyaclarını ödəyəcək.

BEA-nın proqnozlarına görə, bütün qalıq yanacaqlara tələb bu onilliyin ortalarına qədər stabilləşməyə doğru gedəcək. Daha sonra isə bərpa olunan enerji mənbələrinə aktiv keçid səbəbindən istehlak azalmağa başlayacaq. Eyni zamanda, 2030-cu ilə qədər Rusiyanın dünya neft və qaz bazarlarında payı iki dəfə azalacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əvvəl BEA gələn qışda Avropada görünməmiş enerji böhranı olacağını proqnozlaşdırmışdı. BEA-nın fikrincə, bir çox Avropa ölkələrinin artıq etdiyi kimi qaz istehlakını 10 faiz azaltmaq kifayət deyil. Ölkələr enerji təhlükəsizliyini təmin etmək üçün mavi yanacağın istifadəsini daha 13 faiz azaltmağa məcbur olacaqlar. Ekspertlər qeyd edirlər ki, belə bir ehtiyac hökumətləri rasional elektrik enerjisi istehlakını tətbiq etməyə məcbur edə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram