Məlllif: Tamara Mustafayeva, Banco.az
“Facebook”, “Instagram” və “WhatsApp” şirkətlərinin sahibi “Meta”nın gəliri və xalis mənfəəti bu ilin III rübündə ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi "Meta" iyul-sentyabr dövrü üzrə balans hesabatını açıqlayıb.
Buna görə, şirkətin gəliri ilin III rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq 27,7 milyard dollara düşüb. "Meta" 2021-ci ilin sözügedən rübündə 29 milyard dollar gəlir əldə etmişdi.
Bu dövrdəki azalmaya baxmayaraq, bazar proqnozlarını üstələyən gəlir ikinci rübdə 1 faiz azalmışdı.
Şirkətin xalis mənfəəti isə üçüncü rübdə 52 faiz azalaraq 4,4 milyard dollar olub. "Meta" 2021-ci ilin iyul-sentyabr dövründə 9,2 milyard dollar mənfəət açıqlamışdı.
Şirkətin ötən ilin eyni rübündə 3,22 dollar olan səhmbaşına mənfəəti də bu ilin III rübündə 1,64 dollara düşüb ki, proqnozlar bu göstəricinin 1,89 dollar olacağına işarə edirdi.
"Meta"nın nəzdində fəaliyyət göstərən "Facebook" platformasının gündəlik və aylıq aktiv istifadəçi sayı isə bu dövrdə artmağa davam edib. Platformanın sentyabr ayı üzrə gündəlik aktiv istifadəçilərinin sayı aylıq 3 faiz artımla 1,98 milyard nəfər, aylıq isə 2 faiz artımla 2,96 milyard nəfər olaraq hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!