Dünyada elektrik enerjisinin qiyməti pik həddə çatıb | Banco.az

Dünyada elektrik enerjisinin qiyməti pik həddə çatıb

Tamara Mustafayeva, Banco.az

Covid-19 pandemiyasından sonra ölkə iqtisadiyyatlarının bərpa olunmağa başlaması ilə ortaya çıxan tələb-tədarük balanssızlığı keçən ilin avqust ayının sonundan etibarən təsiri hiss olunan qlobal enerji böhranına çevrilib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, sözügedən enerji böhranı Ukraynaya müharibə elan etdiyinə görə Qərb ölkələrinin sanksiyalar tətbiq etdiyi Rusiyanın Avropaya qaz nəqlini dayandırması nəticəsində də daha da dərinləşib.

Böhran səbəbindən rekord həddə çatan təbii qaz və kömür qiymətləri elektrik enerjisinin qiymətində də davamlı, eyni zamanda əsaslı artımlara gətirib çıxarıb.

İngiltərənin qlobal enerji analitik mərkəzi "Ember" və ümumavropa enerji birjası "Nord Pool" tərəfindən təqdim edilən məlumatlara görə, Fransada elektrik enerjisinin bazar qiyməti 2021-ci ilin avqust ayında meqavat/saat üzrə aylıq orta hesabla 77,4 avro olduğu halda, 2022-ci ilin avqustunda bu rəqəm 492,99 avroya yüksəlib.

Almaniyada elektrik enerjisinin bazar qiyməti sözügedən dövrdə orta hesabla bir meqavat/saat üzrə 82,81 avrodan 469,35 avroya yüksəlib.

2021-ci ilin avqustunda İtaliyada elektrik enerjisinin bir meqavat/saat üzrə ayda 112,66 avro olan orta qiyməti 2022-ci ilin avqustunda 543,48 avroya çatıb.

Ən sərfəli kredit üçün müraciət et

İspaniyada da qiymətlər eyni dövrdə orta hesabla 106 avrodan 154,99 avroya qalxıb. 2022-ci ilin mart ayında qiymətlər orta hesabla 283 avroya yüksəldikdən sonra elektrik enerjisi istehsalında istifadə olunan təbii qaza yuxarı hədd tətbiq edilib. Odur ki, 2022-ci ilin aprel ayından etibarən ölkədə elektrik enerjisinin qiymətləri azalıb və ötən bir il ərzində İspaniyada qiymət artımı digər ölkələrlə müqayisədə daha zəif olub.

Böyük Britaniyada elektrik enerjisinin bazar qiyməti isə 2021-ci ilin avqustunda meqavat/saat üzrə orta hesabla 106,83 funt sterlinq idisə, 2022-ci ilin avqustunda bu rəqəm 370,28 funt-sterlinq olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et