Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “PAŞA Həyat Sığorta" ASC arasında gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair əməkdaşlıq Memorandumunun imzalanması məqsədilə tədbir keçirilib.
12 avqust tarixində baş tutmuş tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov, universitetin struktur rəhbərləri və şirkətin nümayəndələri iştirak ediblər.
Rektor Ədalət Muradov tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə UNEC-in real sektorla əlaqələrinin genişləndirilməsinin, eləcə də təhsil sektorunda bazar münasibətlərinin formalaşdırılmasının vacibliyindən danışıb.
Həmçinin, Rektor “UNEC Extern” distant təhsil mərkəzinin onlayn təhsil sistemindəki əhəmiyyətli rolundan danışıb: 50 Hibrid laboratoriyanın uğurla fəaliyyət göstərdiyini və cari tədris ilində daha 50 Hibrid laboratoriyanın istifadəyə veriləcəyini açıqlayıb. Rektor Ə. Muradov "PAŞA Həyat Sığorta" ASC ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağından əminliyini ifadə edib.
"PAŞA Həyat Sığorta" ASC-nin şirkətinin sədri Niyaz İsmayılov şirkətin fəaliyyətindən bəhs edib, məzunların məşğulluğunun təmin olunmasında ən dayanıqlı alətin təhsil olduğunu və ixtisasla yanaşı, praktiki bacarıqlara yiyələnməyin vacibiliyini diqqətə çatdırıb. UNEC məzunlarının öz bilik və bacarıqları ilə əmək bazarında layiqli yer tutduqlarını diqqətə çatdıran sədr rəhbərlik etdiyi şirkətdə işçilərin böyük faizinin məhz bu ali təhsil müəssisəsinin məzunları olduğunu və hazırda UNEC tələbələrinin şirkətdəki Data Science, Statistika və Ekonometrika üzrə təcrübə proqramlarında aktiv iştirak etdiyini bidirib. Niyaz İsmayılov qarşılıqlı əməkdaşlığın məzunların məşğulluğunun təmin olunmasına yeni töhfələr verəcəyini vurğulayıb.
Sonra hər iki tərəf arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər arasında “UNEC Məzunlarının Məşğulluğu” layihəsinin həyata keçirilməsi, tələbə və məzunların sığorta sahəsində maarifləndirilməsi, sığorta sahəsində yeni ideyaların formalaşdırılması, müsabiqələrin və birgə layihələrin təşkili, tələbələrin təcrübə proqramlarına cəlb olunması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2021-ci il tarixinə şirkətin nizamnamə kapitalı 40250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli yaşam sığortası məhsullarını təklif edir.
Bizi sosial şəbəkələrdən izləyin!!