Azərbaycanda məsafədən bank hesabı açılmasına dair hüquqi çərçivə təkmilləşdirildi | Banco.az

Azərbaycanda məsafədən bank hesabı açılmasına dair hüquqi çərçivə təkmilləşdirildi

Azərbaycan Mərkəzi Bankı (AMB) məsafədən bank hesabı açılmasına dair hüquqi çərçivəni təkmilləşdirib.

Bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, elektron bankçılıq üzrə hüquqi bazanın təkmilləşdirilməsi, habelə innovativ həllərin tətbiqinin dəstəklənməsi məqsədilə “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” (Qayda) müasir trendlər nəzərə alınmaqla yeni redaksiyada hazırlanaraq təsdiq edilib. Bu, ilk növbədə məsafədən bank xidmətlərinin əldə olunması imkanlarını genişləndirməklə bank hesabının açılması prosesini rəqəmsal müstəvidə icra etmək imkanını təqdim edir. Qaydaya əsasən məsafədən bank hesabının açılması üçün nəzərdə tutulan məbləğlər üzrə limitlər ləğv edilib, gücləndirilmiş elektron imza ilə yanaşı yeni təsdiqetmə üsulu – gücləndirilmiş müştəri autentifikasiyasından istifadə imkanı yaradılıb. Artıq rezident fiziki şəxslər gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə məsafədən hesab açmaq imkanına malik olacaq. Bu isə bank xidmətlərinin əlçatanlığını artırır, fiziki olaraq filial və şöbə ilə təmin olunmayan ərazilərdə əhalinin bank xidmətlərindən istifadəsinə şərait yaradır.

Bununla belə, elektron bankçılıq xidmətlərinin göstərilməsi ilə bağlı risklərin daha effektiv idarə olunması məqsədilə müştərilərə məsafədən hesabların açılması zamanı belə xidmətləri göstərən bankların riskyönümlü tədbirlər həyata keçirməsi imkanları nəzərdə tutulur.

Qaydanın tam mətni AMB-nin internet səhifəsində (https://www.cbar.az/page-217/regulations) və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Vahid Elektron Bazasının internet səhifəsində (https://e-qanun.az/framework/49456) yerləşdirilib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram