“Azərbaycanda gələn ildə iqtisadi artım davam edəcək” | Banco.az

“Azərbaycanda gələn ildə iqtisadi artım davam edəcək”

Xarici mühitdə yüksək qeyri-müəyyənliklərin qaldığı şəraitdə növbəti ildə də ölkədə iqtisadi artımın davam edəcəyi proqnozlaşdırılır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.

Bəyanatda bildirilir ki, COVID-19 virusunun yeni ştammlarının yaratdığı risklər və artan qeyrimüəyyənliklər şəraitində 2022-ci ildə qlobal iqtisadi artımın davam edəcəyi gözlənilir.

Beynəlxalq Valyuta Fondunun (İMF) oktyabr hesabatına əsasən qlobal iqtisadiyyatın 2022- ci ildə 4,9 % artacağı proqnozlaşdırılır. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üzrə iqtisadi artım prosesinin peyvəndləmənin əhatə dairəsindən, məhdudiyyətlərin aradan götürülməsi müddətindən və həyata keçirilən stimullaşdırıcı tədbirlərin davamlılığından asılı olaraq fərqli dinamika ilə baş verəcəyi gözlənilir.

İqtisadi artımın inkişaf etmiş ölkələrdə 4,5 %, inkişaf etməkdə olan ölkələrdə isə 5,1 % olacağı proqnozlaşdırılır. Təxirə salınmış tələbin sürətlə reallaşdırılması təklifin artımı ilə uzlaşmazsa, inflyasiya təzyiqlərinin davam edəcəyi gözlənilir. Müxtəlif stimullaşdırıcı proqramlar vasitəsilə fiskal dəstəyin və monetar siyasətin iqtisadi artım, məşğulluq və inflyasiya proseslərindən asılı olaraq dəyişəcəyi gözlənilir.

"Qlobal təklifin genişləndiyi şəraitdə dünya əmtəə qiymətlərindəki artımın nisbətən səngiyəcəyi proqnozlaşdırılır. Qlobal istiləşmə ilə bağlı artan problemlərin növbəti ildə də dünya ərzaq qiymətlərinə təsir göstərəcəyi istisna olunmur.

Neftin dünya qiyməti növbəti ildə də qlobal iqtisadi aktivlik, geosiyasi amillər və OPEC++ çərçivəsində qəbul edilən qərarların təsiri altında formalaşacaqdır. Başlıca analitik mərkəzlər tərəfindən (İMF, Dünya Bankı, ABŞ Enerji Agentliyi, Standard Chartered, Fitch, Barclays və s) 2022-ci ilə konsensus qiymət 1 barelə görə 70,9 ABŞ dolları, o cümlədən İMF tərəfindən 64,5 ABŞ dolları səviyyəsində qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə 2022-ci ildə dünyada neftə tələbin artmaqda davam edəcəyini proqnozlaşdırılır.

Qlobal əmtəə qiymətlərinin dinamikası dünya ölkələrində inflyasiya proseslərinə təsir göstərən amillərdən biri olaraq qalacaqdır. İnflyasiyanın 2022-ci ildə də bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə yüksək olacağı istisna edilmir. Bu, əsasən dünya ərzaq qiymətlərindən qaynaqlanan təzyiqlər və idxalçılar üçün yüksələn enerji daşıyıcıları qiymətlərilə bağlıdır.

Qlobal logistik zəncirdə qısamüddətli pozulmalara baxmayaraq, qlobal ticarət həcminin 2022-ci ildə 6,7 % artacağı proqnozlaşdırılır. Əmtəə ticarəti ilə müqayisədə xidmət ticarətinin daha zəif templərlə bərpası gözlənilir", - bəyanatda deyilir.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram