Tamara Mustafayeva, Banco.az
Bitkoin ötən yeddi ayın ən böyük dəyər itkisini yaşayır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ötən 24 saat ərzində 6%-dən çox ucuzlaşan bitkoin yeni günə 0,43% bahalaşma ilə başlayaraq 47 min 842 dollara yüksəlib. Bununla belə, bu ən dəyərli kriptovalyuta növü dekabr ayını ümumilikdə 15%-dən çox dəyər itkisi ilə başa vurmağa hazırlaşır ki, bu da, öz növbəsində may ayından bəri qeydə alınan ən yüksək göstəricidir.
İkinci ən dəyərli kriptovalyuta olan ethereum isə yeni günə 0,3% bahalaşma ilə 3 min 805 dollardan başlayıb.
Xatırladaq ki, may ayını 35%-lik dəyər itkisi ilə başa vuran bitkoin iyulda 29 min 307 dollara qədər geriləmiş, sentyabr ayında isə 70% bahalaşaraq 52 min dollar həddini aşmışdı. Noyabr ayında 68 min 900 dolları üstələməklə öz rekordunu yeniləyən kriptovalyuta növü daha sonra yenidən ucuzlaşmağa başlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!