"Azərbaycan son 10 ildə elektrik enerjisi ixracatçısına çevrilib" | Banco.az

"Azərbaycan son 10 ildə elektrik enerjisi ixracatçısına çevrilib"

"2010-2020-ci illərdə Azərbaycanda bir sıra sahələrdə olduğu kimi elektroenergetika sahəsində də mühüm irəliləyişlər əldə edilib".

Bunu açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli son 10 ildə elektroenergetika sahəsində yaranmış vəziyyəti şərh edərkən deyib.

"10 il ərzində elektrik enerjisinin istehsalında 27,6% artıma nail olunub. Yəni 2020-ci ildə elektrik enerjisinin istehsalı 2010-cu illə müqayisədə 7134,6 mln. kVt/s artaraq 25 811,2 mln kVt/s olub. Qeyd edilən dövr ərzində elektrik enerjisinin ixracı 3 dəfə artaraq 380 mln kVt/saatdan 1 150,7 mln kVt/saata çatıb, ölkə enerji ixracatçısına çevrilib. Həmçinin elektroenergetika sahəsində fəaliyyətin dayanıqlığı artırılıb, texnoloji bazası gücləndirilmiş və infrastrukturu təkmilləşdirilib.

Bu nailiyyətlər Azərbaycanın əsas enerji ixracatçısına çevrilmək yolunda atdığı addımların nəticəsində mümkün olub. Ölkəmizdə son illər aparılan əsas strateji xətt iki istiqamətdədir. Bunlardan biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir, ikinci əhəmiyyətli istiqamət isə dünya bazarında sırf xammal yəni faraş tərəvəzçi ixracatçısı kimi formalaşmamaq, daha çox hazır məhsul, xidmət və texnologiya ixracına çevrilməkdir.

Bu baxımdan hazır məhsullardan hesab edilən elektrik enerjisi istehsalının artırılması artıq ölkəmizin təkcə xammal olan qaz və neft ixracatçısı kimi deyil, həm də elektrik enerjisi ixracatçısı kimi rolunu artırır və bu proses getdikcə davam edəcək.

Son illərin göstəricilərinə baxsaq, bu faktın təsdiqini görərik. Belə ki, 2021-ci ilin yanvar-iyun aylarında ötən ilin ilk yarısı ilə müqayisədə əhəmiyyətli artım var. Əgər ölkənin enerji ixracı və idxalı balansına baxsaq görərik ki, daha çox xalis enerji ixracatçısı mövqeyindədir. Yəni daha çox elektrik enerjisi ixrac edirik, daha az isə alırıq.

Əgər 2019-cu ildə 1 490 mln kVt/s elektrik enerjisi ixrac edilmişdisə, cəmi 730 mln kVt/s idxal edilib. 2020-ci ildə isə 1 150 mln kVt/s ixrac edilib 136,5 mln kVt/s idxal edilib. Bildiyiniz kimi karantin və bir sıra digər səbəblərə görə, 2020-ci ildə elektrik enerjisinin ixracı aşağı düşüb. Amma 2021-ci ilin ilk yarısı ilə müqayisə etdikdə görürük ki, həm istehsal, həm də ixrac artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu həm də Azərbaycanın bərpa olunan enerji mənbələrinə istiqamətlənmiş infrastrukturunun formalaşdırılması, həm ənənəvi, həm də alternativ enerji mənbələri hesabına enerji istehsalında mövqeyinin yaxşılaşmasına səbəb olacaq. Ölkəmizin əsas prioritetlərindən biri 2030-cu ilə qədər istehsalın 30%-ni bərpa olunan enerji mənbələri hesabına təmin etməkdir. Xüsusən də Qarabağın bərpası prosesində enerji qidalanmasını sırf alternativ və bərpa olunan enerji mənbələri hesabına həyata keçirilməsi məqsəd kimi qoyulub. Bunun özü də çox pozitivdir.

Ümumi şəkildə onu qeyd edə bilərəm ki, elektrik enerjisinin hazır məhsul kimi ölkəyə gətirdiyi əlavə dəyər daha yüksəkdir. Düzdür bu çox böyük həcmdə olmasa da bu istiqamətdə atılan addımlar bir başa qeyri-neft ixrtacatının artmasına gətirib çıxarır. Təbii ki, hələlik həmin rəqəmlər 100 mln dolları keçmir, lakin bu istiqamətdə dayanıqlı və bərpa olunan enerji mənbələrinə əsaslanan infrastrukturun qurulması, eyni zamanda ənənəvi mənbələrdən effektiv istifadə onu deməyə imkan verir ki, yaxın gələcəkdə də Azərbaycan enerji ixracatçısı mövqeyini gücləndirəcək. Bu da ona görə yaxşıdır ki, burada həm məşğulluq təmin olunur, həm də ölkədə yaradılmış əlavə dəyərin həcmi yüksək olur”, - deyə o qeyd edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram